Mixail Malkin gənc və perspektivli gimnastlardandır

Mixail Malkin gənc və perspektivli gimnastlardandır




Respublikamızda populyarlığı ilə seçilən, uşaq və gənclər tərəfindən sevilən idman növlərindən biri də gimnastikadır. Son illər Bakıda, eləcə də bölgələrdə fəaliyyət göstərən idman zallarında bu idman növünə maraq xeyli artıb. Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti sayəsində gimnastika özünün yüksək inkişaf dövrünü yaşayır. Gənc və perspektivli idmançıların formalaşdırılmasını bu sahədə əldə olunan uğurlardan biri kimi dəyərləndirmək olar.

"Olimpiya dünyası” qəzeti və "olimpnews.az saytı həmişə öz səhifələrində gənc və perspektivli idmançılara geniş yer ayırır. Budəfəki qonağımız gimnastika üzrə Azərbaycan yığmasının üzvü, tamblinqçi Mixail Malkindir. Bizimlə söhbətdə idmançının məşqçisi, batut və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadə də iştirak edirdi.



"Nənə, yaxşı ki, məni idmana apardın”

Mixail Malkin 1996-cı ildə iyulun 30-da Bakıda, Biləcəri qəsəbəsində anadan olub. Orta təhsilini əvvəlcə 299 saylı orta məktəbdə, sonra isə Respublika Olimpiya İdman Liseyində (ROİL) davam etdirib. Gənc idmançı gimnastika ilə 5 yaşından məşğul olmağa başlayıb. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) I kurs tələbəsi olan 21 yaşlı gimnast idmanın onun həyatında önəmli rolundan böyük məmnunluqla danışır: "İdman mənim həyatımı dəyişdi. Nə gizlədim, idmanla məşğul olmasaydım, çox güman ki, avara olardım. Uşaqlıqda çox dəcəl olmuşam. Evdə, həyətdə daim şuluqluq edirdim. Bir gün nənəm əlimdən tutaraq məni zala apardı. Məni məşqçinin üstünə ataraq dedi: "Bunu verirəm sizə, neynirsiniz eləyin”. Düşünürəm ki, nənəm əlimdən tutub idmana aparmasaydı, taleyim başqa cür olacaqdı. Hər dəfə idman zalında, beynəlxalq yarışda əldə etdiyim uğurdan sonra nənəmin əllərindən öpür və deyirəm: "Nənə, nə yaxşı ki, məni idmana apardın”. Bizi nənəm saxlayıb, onun 71 yaşı var”.




"Bayrağımız qaldırılanda, himnimiz səslənəndə ürəyim dağa dönür”

Mixail Malkin milliyətcə rus olsa da, Azərbaycan dilində çox sərbəst danışır. Bu da onun doğulduğu torpağa məhəbbətindən irəli gəlir: "Mən Azərbaycanda doğulmuşam, burada böyümüşəm. Milliyətcə rus olsam da, azərbaycan adət-ənənələrinə uyğun şəkildə böyümüşəm, tərbiyə olunmuşam. Mən vətənimi, onun dilini çox sevirəm. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməkdən qürur duyuram. Bayrağımız qaldırılanda, himnimiz səslənəndə ürəyim dağa dönür. Torpaqlarımızın 20 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Hər zaman vətənin müdafiəsində dayanmağa hazıram, bu, hər bir Azərbaycan gəncinin müqəddəs borcudur”.

"Ocaq Sport” İdman Klubu İctimai Birliyinin təmsilçisi olan gimnastımız ilk dəfə beynəlxalq yarışda 2008-ci ildə iştirak edib. Rusiyanın Krasnodar şəhərində keçirilən akrobatika yarışlarında federasiyanın, məşqçi heyətinin ümidini doruldaraq bürünc medala layiq görülüb. 
Növbəti il Rusiyanın Stavropol şəhərində yenə həmin növdə 3-cü olmağı bacarıb. Gimnastımız 2011 və 2012-ci illərdə tamblinq üzrə yarışlarda Azərbaycan çempionu adını alıb. 2012 və 2013-cü illərdə isə Ukraynada təşkil olunan beynəlxalq turnirin qalibi olub. Mixail Malkin 2011-ci ildə Birmengemdə (İngiltərə) keçirilən Dünya Yaş Qrupları Yarışlarında uğurla çıxış edərək finala düşməyə müvəffəq olub. 2013-cü ildə Sofiya (Bolqarıstan) şəhərində təşkil olunan eyniadlı yarışlarda da finala çıxıb. 

Hazırda tamblinq üzrə öz yaşıdları arasında dünya reytinqində 1-ci yerdə qərarlaşıb. İstedadlı gimnastımız bu ilin fevralında Bakıda təşkil olunan batut gimnastikası üzrə Dünya kuboku yarışlarında uğurlu çıxış nümayiş etdirib. Azərbaycan gimnastlarının dünyanın 15 ölkəsindən 82 nəfər batutçu və tamblinqçinin iştirak etdiyi yarışda əldə etdiyi 3 gümüş medaldan biri məhz Mixail Malkinin payına düşüb. Bu, həm də, onun Dünya kuboku yarışlarında ilk debütü olub. Sonra gənc gimnastımız bu qəbildən olan yarışlarda uğurlarını biri-birinin ardınca davam etdirib. Bu ilin sentyabr ayında Portuqaliyanın Lole şəhərində qızıl, oktyabr ayında isə Valladoliddə (İspaniya) isə bürünc medala sahib olub. Gənc gimnastımızın ən böyük arzusu Avropa və dünya çempionu olmaq, dünya rekordçusu tituluna sahib olmaqdır. 
Dünya gimnastikasında özünə rəqib kimi rusiyalı Maksim Şelyakin, Qriqori Moskov və eləcə də ingilis idmançısı Kristof Vilirtonu görür. Rəqib olmaqlarına baxmayaraq aralarında yaxşı dostluq münasibətləri vardır.



"İstedadlı idmançılarla işləmək hər bir məşqçinin arzusudur”

Məşqçi idmançının həyatında və karyerasında önəmli və əsas simalardan biridir. Mixail Malkin Adil müəllimlə işləyənə qədər bir neçə məşqçi dəyişib. Dediyinə görə, onunla çoxdan məşğul olsaydı, indi uğurlarının sayı-hesabı yox idi. Qeyd edək ki, Adil Hüseynzadə gimnastika sahəsində təcrübəli mütəxəssislərdən biridir. Uzun müddət Cənubi Afrikada məşqçilik fəaliyyəti ilə məşğul olub.

Adil müəllim bizimlə söhbətində idmançı və məşqçilər üçün yaradılan şəratə görə AGF-nın rəhbərliyinə təşəkkürünü bildirdi və məşqçilik peşəsinin məsuliyyətindən danışdı: "Bizə yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə, bütün heyətə minnətdarıq. Federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycanda perspektivli gimnastlar nəsli yetişib. İdman gimnastikadan başlayır. İstedadlı, gələcəyi olan idmançılarla işləmək hər bir məşqçinin arzusudur. Məşqçi var ki, qabiliyyətli yetirməsinə dəstək olmaqla onu zirvələrə qaldırır, məşqçi də var ki, onu ruhdan salır. Məşqçi, həm də psixoloqdur. O yetriməsinin dostu, yaxın sirdaşı olmalıdır. Fiziki hazırlıq bir yana qalsın, psixoloji hazırlıq uğur qazanmaq üçün mühüm şərtdir. Mixail Malkinə gəlincə, onun əzmkarlıq ruhiyyəsi çox yüksəkdir və iradəlidir. Bu, mühüm amillərdən biridir. Biz onunla cəmi 3 ilə yaxındır ki, məşğul oluruq. Qısa müddət ərzində yetirməmin uğurlar qazanması məni sevindirir. Mixail Malkin istedadlı gimnastdır və öz üzərində çox işləyir. Mən onun gələcəyinə inanıram. 



Hələ Cənubi Afrikada işləyəndə onun məşqlərinə baxırdım. İstedadlı olsa da, texnikası xoşuma gəlmirdi. Bakıya qayıtdıqdan sonra onunla işləməyə qərar verdim. Təbii ki, hər hansı dili öyrənmək və bu dildə yaxşı danışmaq üçün əvvəlcə əlifbanı bilməlisən. Biz də Mişa ilə sadə ayaq hərəkətlərindən başladıq. Eyni akrobatik hərəkəti dəfələrlə, təkrar-təkrar məşq edirdik. Təsəvvür edin ki, orta məktəbdə oxuyan 10-cu sinif şagirdinə 3-cü sinfin dərsini keçməli olursan. Beləliklə, o, texniki və fiziki cəhətdən formaya düşmüş oldu. Psixiloji hazırlıq da yerində olandan sonra idmançıya ancaq qalib gəlmək qalır. Qeyd edim ki, tamblinqdə, başqa gimnastika növlərinə nisbətən zədə riski daha çoxdur. Bu idman növündə adi bir səhv hər şeyi məhv edə bilər. Burada 8 hərəkəti 3-4 saniyə ərzində yerinə yetirməlisən. Başqa sözlə, beyin kompüter kimi işləməli, bədən isə hərəkətləri tez və səhvsiz yerinə yetirməlidir.”.



İnsan həyatda uğur qazanmaq üçün çox işləməli, əziyyət çəkməlidir. İdmanda da belədir. İşini taleyə, şansa buraxanlar həmişə əliboş qalırlar. Əgər sən əziyyət çəkmək, məşq etmək yerinə rahatlığı seçirsənsə, heç vaxt uğur qazana bilməyəcəksən. Çünki zəhmət, məsuliyyət olan yerdə uğur da var, medal da.



Səadət Hakıyeva