İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyində finalçıların adlarına aydınlıq gəlib. 2 boksçumuz finala yüksəlməyi bacarıb.
Azərbaycan Boks Federasiyasından "Olimpnews.az-a” verilən məlumata görə, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) finala gedən yolda hollandiyalı Peer van Casla üz-üzə gəlib. Boksçumuz rəqibinə heç bir şans verməyib və 5:0 (30:24, 30:25, 30:26, 30:26, 30:26) hesabı ilə qələbə qazanıb. O, həlledici qarşılaşmada ukraynalı Taras Bondarçukla qüvvəsini sınayacaq.
Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov da adını finala yazdırıb. Həmyerlimiz yarımfinalda şotlandiyalı Samuel Hikkini mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 (28:29, 28*:28, 30:27, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Həsənov çempionluq uğrunda rusiyalı Cambulat Bijamovla qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri aprelin 25-də keçiriləcək.