Bakıda bədii gimnastika üzrə yarışlar davam edir

Bakıda bədii gimnastika üzrə yarışlar davam edir




Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları davam edir.

"Olimpnews.az” xəbər verir ki, turnirin ikinci günündə əvvəlcə çoxnövçülük (gürzlər və lentlə hərəkətlər) üzrə fərdi yarışlarda mübarizə aparan gimnastlar çıxış ediblər.
Azərbaycanı fərdi yarışlarda "A” qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Qeyd edək ki, birinci günün nəticələrinə əsasən gimnastlarımız Zöhrə Ağamirova 15-ci, Veronika Hudis isə 14-cü yerdə qərarlaşıblar.
Yarışların ikinci günündə çoxnövçülük üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Azərbaycan paytaxtında altıncı dəfə təşkil edilən turnirdə 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edir.
Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayırlar. Bu mərhələnin nəticəsindən asılı olaraq, hər iki proqram üzrə çoxnövçülükdə qaliblərin və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.
Turnirin sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü səkkiz fərdi gimnast və səkkiz qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq. Həmçinin ən yüksək icra xalını toplayan gimnasta və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku təqdim olunacaq.
Turnirə aprelin 29-da yekun vurulacaq.