“Buenos-Ayres-2018 əvvəlki Olimpiya Oyunlarından fərqli olacaq”

“Buenos-Ayres-2018 əvvəlki Olimpiya Oyunlarından fərqli olacaq”


"Açılış mərasimi şəhərin ən böyük meydanında keçiriləcək”

Xəbər verdiyimiz kimi, oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları təşkil olunacaq. Oyunlarda təxminən 206 ölkədən 4000-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir. 32 idman növü üzrə keçiriləcək bu mötəbər idman tədbirində Azərbaycan atletləri də təmsil olunacaqlar. İdmançılarımız Cənubi Amerikada təşkil olunacaq Oyunlara bu günə qədər 8 lisenziya əldə ediblər. Komandamız Oyunlara boks, taekvondo, gimnastika, güləş növlərində 1, üzgüçülük və stolüstü tennisdə isə 2 lisenziya əldə ediblər.
Oyunlara hazırlıq məsələləri ilə bağlı məlumat öyrənmək üçün buyaxınlarda Milli Olimpiya Komitəsinin Marketinq idarəsinin rəisi, Buenos-Ayres-2018-də iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Mehman Kərimovla görüşdük. Müsahibimiz ona ünvanlanan sualları ətraflı cavablandırdı.

- Mehman müəllim, buyaxınlarda Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən iclasda iştirak etdiniz. Nümayəndə heyətinin rəhbəri kimi iştirak etdiyiniz tədbirdə hansı məsələlər müzakirə olundu?
- Bildiyiniz kimi, hər Olimpiya Oyunlarından əvvəl nümayəndə heyətinin rəhbərlərinin iclası keçirilir. Bu dəfə belə bir tədbir Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi ilə bağlı Buenos-Ayresdə təşkil olundu. Bu iclasda 206 ölkədən 500-ə yaxın nümayəndə iştirak edirdi. İclasın gündəliyində Oyunlara hazırlıqla bağlı əsas məsələlərin müzakirəsi yer almışdı. Bu məsələlərə komandaların qarşılanması, "Olimpiya Kəndi”ndə yerləşdirilməsi, qidalanma, yarış yerlərinin hazırlığı, media və atletlərin Oyunlarda iştirakı daxil edilmişdi.


- Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlıq hansı səviyyədə təşkil olunub?
- Buenos-Ayres çox qədim şəhərdir. Cənubi Amerika qitəsinin ən böyük şəhərlərindən biridir. Bu şəhərin 16 milyondan çox əhalisi var. Şəhərdə Olimpiya ab-havası çox yaxşıdır. Şəhər rəhbərliyi Oyunlara yüksək səviyyədə hazırlaşır. Biz tədbirdə olanda Təşkilat Komitəsinin sədri, Argentina Olimpiya Komitəsinin rəhbərliyi və şəhər meri ilə görüşlər keçirildi. Bir sözlə, Yeniyetmələrin Olimpiya Oyunlarına hazırlıq işləri yüksək səviyyədə davam edir.

- Argentina paytaxtında keçiriləcək bu mötəbər yarış əvvəlki Oyunlardan nə ilə fərqlənəcək? Hər halda iştirak etdiyiniz iclasda bu məsələlər müzakirə olunub.
- Qeyd olundu ki, Buenos-Ayres-2018 əvvəlki iki Olimpiya Oyunlarından fərqli olacaq. Əsas fərqlərdən biri açılış mərasimi ilə bağlıdır. Belə ki, Oyunların açılış mərasimi bizim adət etdiyimiz hər hansısa bir stadionda və ya idman arenasında olmayacaq. Açılış mərasimi şəhərin ən böyük meydanında keçiriləcək. Burada əsas məsələ ondan ibarətdir ki, insanlar bu mərasimi və bu oyunları izləməkdə çətinlik çəkməsin. Şəhərin əsas meydanında keçiriləcək açılış mərasimini 300 minə yaxın insanın canlı izləmək imkanı olacaq. Bu, Yeniyetmələrin Olimpiya Oyunları tarixində görünməmiş bir hadisədir. İkinci dəyişiklik ondan ibarətdir ki, azarkeşlər bu Oyunları arenalardan sərbəst izləyə biləcəklər. Həmin tədbirdə qeyd olundu ki, insanların idman arenalarına daha sərbəst qaydada gəlib Oyunları izləməyini təmin etmək üçün bilet satışı nəzərdə tutulmayacaq. Yarışları arenadan izləmək istəyən azarkeşlər qeydiyatdan keçərək qolbaq alacaqlar ki, onlar yalnız bu qolbaqlar vasitəsi ilə yarışlara baxa bilərlər. Qeyd edim ki, bu proses ödənişsiz qaydada həyata keçiriləcək.

- Hazırlıqla bağlı sizi qane etməyən məsələlər oldumu?
- Bəli. Oyunlara gələn milli komandaların və VİP qonaqların nəqliyyatla təminat məsələsi kəskin sayda azaldılıb. Rəsmi qaydaya görə hər bir komandaya bir avtomobil verilməsi planlaşdırılıb. Bu hədsiz dərəcədə azdır. Bütün iştirakçı ölkələrin nümayəndələri buna etiraz edərək bildirdilər ki, nəqliyatla bu cür təmin olunma məsələsi kifayət qədər ciddi problemlər yarada bilər. Təklif etdik ki, Təşkilat Komitəsi bu məsələni yenidən nəzərdən keçirsin və ölkələr üçün daha yaxşı geniş imkanlar yaratsın. Beynəlxalq Olimpiya Komitəsinin və Oyunların qaydalarına görə adətən bütün şəhərlərin Olimpiya zolağı olur ki, Oyunlara xidmət edən nəqliyyat vasitələri tıxaclardan əziyyət çəkməsinlər. Lakin Buenos-Ayresdə belə zolaq olmayacaq. Bu məsələni həll etmək üçün alternativ variant təklif olunub. Belə ki, ictimai nəqliyyatların xüsusi zolaqları var ki, Olimpiya Oyunlarına xidmət göstərən avtobuslar da həmin zolaqla hərəkət edəcəklər. Tədbirdə iştirak edən ölkələrin nümayəndələrin əsas narazılığına səbəb olan digər məsələlərdən biri də bu oldu. Çünki, ictimai nəqliyyat üçün ayrılan həmin zolaqlar heç də şəhərin hər yerini əhatə etmir. Bu zolaqlar yalnız mərkəzi hissələrdədir. Qeyd edim ki, "Olimpiya Kəndi” şəhərin cənubunda yerləşir. Lakin bütün idman obyektləri şimal, şərq və qərb tərəfdədir. Cənubda "Olimpiya Kəndi” yerləşdiyindən şəhərin cənub və şimal hissəsi arasındakı nəqliyat rabitəsini yaratmaq məsələsi kifayət qədər çətinlik yaradacaq. Bu məsələlər bizi o qədər də qane etmədi.


- Oyunların proqramına baxanda yeni idman növlərinin adına da rast gəlmək mümkündür.
- Buenos-Ayres-2018 Olimpiya Oyunlarının proqramında müəyyən dəyişikliklər var. Proqrama yeni idman növləri əlavə olunub. Bu idman növlərinə karate, idman rəqsi, roller və idman dırmanması daxildir. Bundan başqa skvoş və qolf isə nümunəvi idman növləri kimi proqrama daxil edilib. Qeyd edim ki, Nankin Olimpiadasında uşu nümunəvi idman növü kimi Oyunların proqramında yer almışdı. Bunlar da Buenos-Ayres-2018-i digər iki Olimpiya Oyunlarından fərqləndirən cəhətlərdəndir. Oyunlarda rekord sayda idmançı və nümayəndə heyətinin iştirakı gözlənilir. Təxminən 4 minə yaxın idmançı və 2 minə yaxın texniki nümayəndə heyəti Argentina paytaxtına yollanacaq.


- Yarışların təşkil olunacağı idman obyektlərində oldunuz. Burada hansısa diqqət çəkən məqamlar oldumu?
- Qeyd etdiyim kimi, Buenos-Ayres şəhəri çox qədim tarixə malikdir və okean sahilində yerləşməsinə baxmayaraq yaşıllıqlar və parklarla zəngindir. Şəhərin əsas hissələrində böyük parklar salınıb ki, idman arenaları da məhz bu parkların içərisində yerləşir. Azarkeşlər yarışları izləməyə gedərkən parkları da gəzmək imkanı əldə edəcəklər. Demək olar ki, bütün arenalar yarışlara hazırdır. Sadəcə, həmin arenalarda müəyyən texniki avadanlıqların quraşdırılması işləri davam edir. Digər arenalarla müqayisədə isə yalnız Olimpiya Parkında müəyyən işlər qalıb ki, bu da yaxın vaxtlarda başa çatacaq. "Olimpiya Kəndi” də tam hazır vəziyyətdədir. Bütün binalar demək olar ki, lazımi avadanlıqlar və mebellərlə təchiz olunub. Sadəcə, kəndin ərazisində yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir.

- Azərbaycan idmançılarının da iştirak edəcəyi Oyunlarda hansı idman növlərində mükafat qazanmaq şansımız var?
- Düzünü desəm, əvvəlki Oyunları və indiki vəziyyəti nəzərə alaraq hər hansısa bir rəqəm demək çox çətindir. İnanıram ki, lisenziyalar və qazanılan nəticələr ürəkaçan olacaq. Oyunlara hazırlıqlarımız davam edir. Komandamız bu günə qədər 8 lisenziya qazanıb. Əvvəlki olimpiadalarda ağırlıqqaldırma, güləş, boks, taekvondo, cüdo, avarçəkmə növlərində mükafatlar qazanmışıq. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında da idmançılarımızdan uğurlu nəticələr gözləyirik. Düşünürəm ki, Buenos-Ayresdə əsasən, güləş və gimnastika idman növlərindən yüksək nəticələr əldə edəcəyik.

Azər Əlizadə