Azərbaycan Boks Federasiyasından olimpnews.az-a daxil olan məlumata görə, Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Yarışda Almaniya, Latviya, Macarıstan, Hindistan, Filippin, Cənubi Koreya, Monqolustan, Polşa, Ukrayna, Özbəkistan, Tacikistan, Ermənistan, Qazaxıstan, Koreya Xalq Demokratik Respublikası (KXDR), Moldova, Belarus, Tailand, Çin və Rusiyanın 130-dan çox idmançısı mübarizə aparır. Azərbaycan turnirdə milli komandamızın 2-3-cü nömrələri olan 5 boksçu -Tural Əhmədov (56 kq), İlkin Ağayev (60 kq), Rafiq Əliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Aleksandr Babiçlə (91+kq) təmsil olunur.Tural Əhmədov ilk görüşdə tacikistanlı Şarif Tavokolovu 16:4 hesabı ilə məğlub edib. Həmyerlimizin növbəti rəqibi KXDR-dan Kvon Çolquk olacaq. İlkin Ağayev isə ilk görüşdə KXDR-dən Kim Kyonq Sopa 5:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.
Rafiq Əliyev ilk görüşünü yerli idmançı Vladimir Fedotkinə qarşı keçirəcək. Abdulqadir Abdullayev də ilk sınağını rusiyalı Vadim Lihmana qarşı verəcək. Aleksandr Babiçin rəqibi isə hindistanlı Kumar Satiş olacaq.