Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci gününə "A" qrupunda yer alan Misir və Uruqvay millilərinin qarşılaşması ilə start verilib.
"Yekaterinburq Arena"da oynanılan görüş Uruqvay yığmasının minimal hesablı qələbəsi ilə başa çatıb. Uruqvay millisinin tarixində ən çox qol vuran iki futbolçu - Luis Suares (51) və Edinson Kavani (42) bir neçə əlverişli imkandan istifadə edə bilməyiblər. Lakin buna baxmayaraq, matçın son dəqiqələrində hücumların sayını daha da artıran Uruqvay yığması istəyinə nail olub. Oyunun 89-cu dəqiqəsində Uruqvay millisinin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra hava ötürməsini başla "doqquzluğa" göndərən müdafiəçi Xose Ximenez komandasına vacib qələbə qazandırıb - 1:0.