Raqif Abbasov: “İngiltərə dünya çempionu olarsa, Azərbaycan yada düşəcək”

Raqif Abbasov: “İngiltərə dünya çempionu olarsa, Azərbaycan yada düşəcək”


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov hazırda Rusiyada davam edən dünya çempionatını həvəslə izlədiyini qeyd etməklə ona öz münasibətini "Olimpiya dünyası” qəzetinə və olimpnews.az saytına bildirib: "Futbol bütün dünyada sevilən ən məşhur idman növlərindən biridir. Futbolun bəzəyi isə dünya, Avropa çempionatları və Çempionlar liqası yarışlarıdır. Təbii ki, mən hər zaman Azərbaycan millisinə azarkeşlik edirəm. Yığma komandamızın nəticələrindən asılı olmayaraq bu həmişə belə olacaq. Azərbaycan millisindən sonra azarkeşlik etdiyim ikinci komanda Türkiyə yığmasıdır. Təəssüf ki, Türkiyə millisi dünya çempionatına vəsiqə qazana bilmədi. Üçüncü azarkeşlik etdiyim komanda İngiltərə millisidir. Böyük Britaniya komandasına azarkeşlik etməyimin müəyyən səbəbləri var. Əgər İngiltərə dünya çempionu olarsa, Azərbaycan yada düşəcək. Tofiq Bəhramovun adı hallanacaq. Məhz elə buna görə də İngiltərə yığmasına azarkeşlik edirəm. Əgər hər hansısa bir komanda dünya çempionu olandan sonra Azərbaycan adı hallanacaqsa, ölkəmiz yada düşəcəksə, həmin komandaya azarkeşlik etmək məncə, qəbahət deyil. Deyə bilmərəm İngiltərənin çempionluq şansları necədir. Lakin çox istəyirəm ki, dünya çempionatının qalibi İngiltərə millisi olsun”.