Çingiz Hüseynzadə: “Ronaldo əsl futbolçu olduğunu sübut edib”
13:09 22.06.2018
15464
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə DÇ-2018-in bu günə qədər keçirilən oyunları ilə bağlı fikrini "Olimpiya dünyası” qəzetinə və olimpnews.az saytına bildirərək deyib: " Futbolu çox sevirəm. Gəncliyimdə həyatımı futbolsuz təsəvvür etmirdim. Düzünü deyim ki, son illərdə hansısa bir komandaya azarkeşlik etmirəm. Futbolda da çox şeylər dəyişib. Ötənilki dünya çempionatında Braziliya Almaniya oyununda hesabın 1:7 hesabı ilə almanların xeyrinə başa çatması ağlasığmaz bir şey idi. İndi futbolda oyunun taleyini ayrı-ayrı oyunçular həll edir. Komanda ruhu yox olub elə bil. Sevdiyim, oyununu bəyəndiyim futbolçular barmaqla sayıla biləcək qədərdir. Bunlar potruqaliyalı Kriştanu Ronaldo, argentinalı Lionel Messi, misirli Məhəmməd Salahdır. Bilirsiniz, Peleni Eysebio ilə müqayisə edəndə nə deyib? Deyib ki: "Eysebio gözəl oyunçu idi. Amma o futbolçunu bir nömrəli oyunçu hesab edirəm ki, öz milli komandasını dünya çempionu etməyi bacarıb”. Pele, Maradona öz ölkəsini dünya çempionu edən bilən əfsanəvi futbolçulardır. Çox təəssüf ki, Messi 3-cü dəfədir ki, Argentina millisini çempion edə bilmir. Bekkenbauer Almaniyanı dünya çempionu, Çarter qardaşları isə İngiltərəni çempion etmişdilər. Kriştianu Ronaldo əsl futbolçu olduğunu Avropa çempionatında sübut etdi. O futbolçulara azarkeşlik edirəm ki, onlar həm klubda, həm də millidə fərqlənə bilsinlər. Portuqaliya komandası həmişə sevimli komandam olub. Yohan Kruifin vaxtından Hollandiya komandasına rəğbətim var idi. Fransızların oyununa isə heç vaxt azarkeşlik etməmişəm. Amma Zidana görə Fransa yığmasının oyununu izləmişəm. Bir sözlə, milliyə oyunçuya görə azarkeşlik edirəm. Bu dəfə məhz Məhəmməd Salaha görə Misir yığmasına azarkeşlik edirəm”.