"Balanslı oyun idi. Birinci hissədə topa daha çox nəzarət edirdik. Hətta qol epizodlarımız oldu. İkinci hissədə penaltidən rəqib fərqləndi və biz əsəbiləşməyə başladıq. Bizim üçün vaxt uçurdu. İlk hissə ilə müqayisədə daha çox hücum etməyə başladıq. Buna görə ikinci qolu vurduq".
"Olimpnews”-un Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2018-in qrup mərhələsində Nigeriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, çox əziyyət çəkdiklərini bildirib: "Çətin oyun idi. Roxo qol vurduqdan sonra rahatladıq. Bundan əvvəl yaxşı oynamamışdıq. Əsas odur ki, məqsədimizə çatdıq. Belə əziyyət çəkəcəyimizi düşünmürdük. Təəssüf ki, çətin idi, amma növbəti mərhələyə keçdik".