Qazaxıstanın Pavlodar şəhərində bu respublikanın əməkdar məşqçisi Rafael Vahidovun şərəfinə həsr olunmuş boks turnirinə yekun vurulub. Azərbaycan Boks Federasiyasından olimpnes.az saytına daxil olan məlumata görə, beynəlxalq turnirdə yerli idmançılarla yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, İraq, Monqolustan, Suriya və Tacikistan komandaları da iştirak edib. Yarışda ölkəmizi Rəhim Allahverdiyevin rəhbərliyi altında "Qızıl Əlcək” klubunun boksçuları - Kamran Orucov (56 kq), Salman İbrahimov (64 kq), Qorxmaz Vəliyev (81 kq), Toğrul İsayev, Vətən Hüseyni (hər ikisi 91 kq) və İlqar Allahverdiyev (91+kq) təmsil ediblər. Komandamız yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Qeyd edək ki, London Olimpiadasının iştirakçısı və ilk dəfə 91 kq çəki dərəcəsində çıxış edən Vətən Hüseynli yalnız finalda məğlubiyyət acısı yaşayıb və beynəlxalq turnirin gümüş medalına layiq görülüb. Toğrul İsayev isə yarışı 3-cü yerdə başa vurub.