Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Azərbaycan milli komandasının 4 üzvü - Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) yarımfinala vəsiqə qazanmaqla özləri üçün, ən azı, bürünc medalı təmin ediblər. Salman Əlizadə 1/4 finalda Gürcüstan boksçusu David Nanava üzərində qələbə qazanıb - 28:26, 28:28, 28:28. 2011-ci ilin Avropa çempionu finala gedən yolda Pekin və London Olimpiadasının bürünc mükafatçısı, 2010-cu ilin Avropa çempionu irlandiyalı Peddi Barnsla qarşılaşacaq.
Elvin Məmişzadə 1/4 finalda Macarıstan nümayəndəsi Norbert Kaluçza üzərində inamlı qələbə qazanıb. Hər 3 hakim həmyerlimizin qələbəsini qeydə alıb. Məmişzadənin növbəti rəqibi 2010-cu ilin Avropa çempionu, 2011-ci ilin dünya çempionatının gümüş mükafatçısı uelsli Endryu Selbi olacaq.
Teymur Məmmədov 1/4 finalda irlandiyalı Tomas Makkartini məğlub edib. Hər 3 hakim 29:28 hesabını qeydə alıb. London Olimpiadasının bürünc mükafatçısı yarımfinalda "Baku Fires” klubunun sabiq üzvü ukraynalı Denis Poyatsıka ilə qarşılaşacaq. Qeyd edək ki, Poyatsıka 2006-cı ilin Avropa çempionudur.
Məhəmmədrəsul Məcidov 1/4 finalda rumıniyalı Mixay Nestorla görüşdə qələbəni vaxtından əvvəl bayram edib. Rumıniya idmançısı 3 dəfə xəbərdarlıq aldığından 3-cü raundda döyüşdən kənarlaşdırılıb. Dünya çempionumuz yarımfinalda Belarus komandasının lideri, Afina Olimpiadasının gümüş, 2003 və 2009-cu illər dünya çempionatının bürünc və Avropa çempionatlarının mükafatçısı Viktor Zuyevlə üz-üzə gələcək.
Qeyd edək ki, komandamız son Avropa çempionatındakı nəticəsini yaxşılaşdırıb. 2011-ci ildə 3 medal qazanan boksçularımız bu dəfə 4 mükafatı özlərinə təmin ediblər.
Avropa çempionatında yarımfinala vəsiqə qazanan Elvin Məmişzadə (52 kq) bu nəticənin onun üçün maksimum olmadığını söyləyib. 2010-cu ildə Moskvada keçirilən qitə çempionatında gümüş medal qazanan boksçumuz bu dəfə qızıl əldə etmək üçün əlindən gələni edəcəyini bildirib: "1/4 finalda rəqibim Macarıstan idmançısı Norbert Kaluza idi. Bilirdim ki, o döyüşməyi sevən idmançıdır. Üzərimə gələcəyindən əmin idim. Ona görə də əks-hücum taktikası seçərək onu zərbələrlə qarşıladım. Deyəsən, bu pis alınmadı. Etiraf edim ki, 3-cü raundda bir qədər yorğunluq oldu. Çünki 9 dəqiqə bu cür taktika ilə və eyni tempdə döyüşmək asan deyil. Yarımfinalda Uels boksçusu Endryu Selbi ilə görüşəcəyəm. O, Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısıdır. 2011-ci ildə Avropa çempionu olub. Yəni adi rəqib deyil. Buna baxmayaraq, mən də Avropa çempionu olmaq istəyirəm. Karyeramda qitə çempionatının gümüş medalı var. İndi artıq çempion olmaq vaxtıdır”.
Yarımfinal döyüşləri iyunun 7-də keçiriləcək.