Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni təyin edilmiş Müşahidə Şurasının ilk iclası keçirilib. Fonddan olimpnews.az-a daxil olan xəbərə görə, iyunun 12-də keçirilən ilk iclasın gündəliyində duran əsas məsələ Fondun Müşahidə Şurasının sədrinin və onun müavininin seçilməsi olub.
İclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov açıb. O, yeni təyinatla bağlı Fondun icraçı direktorunu və Müşahidə Şurasının üzvlərini təbrik edib. Ə.Həsənov ötən 4 il ərzində Fondun səmərəli fəaliyyət göstərdiyini, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi yüksək etimadı doğrultmaq, Azərbaycanda KİV-lərin müstəqilliyinin inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi və digər məsələlərin həlli məqsədilə həyata keçirilən dövlət siyasətinə əməli işlə daha böyük töhfələr vermək üçün Fondun kollektivinin və Müşahidə Şurası üzvlərinin bundan sonra da əzmlə çalışacaqlarını diqqətə çatdırıb. O deyib: "Ötən 4 ildə Fondun fəaliyyətinin təşkili, KİV-lərə yardım mexanizminin formalaşdırılması, onun təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Fondun maliyyə dəstəyi, reallaşdırdığı digər tədbirlər mətbuatın iqtisadi müstəqilliyini gücləndirmiş, onun problemlərinin həllinə müsbət təsir göstərmişdir. Fond məqsədyönlü fəaliyyəti ilə cəmiyyətdə və media arasında böyük nüfuz qazanmışdır. İndiki mərhələdə isə artıq hazır mexanizmə, dolğun fəaliyyət proqramına əsaslanaraq Azərbaycan mediasının daha dərindən öyrənilməsi, onun ehtiyaclarının müəyyənləşdirilməsi və ödənilməsi üçün var qüvvənizlə çalışmalısınız”.
Sonra çıxış edən Fondun İcraçı direktoru Vüqar Səfərli fondun icraçı direktoruna və Müşahidə Şurasının üzvlərinə göstərdiyi etimada görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. V.Səfərli arxada qalan 4 il ərzində Fondun fəaliyyətinin təşkili və mətbuata yardım məqsədilə həyata keçirilən tədbirlərdən danışıb və qarşıdan gələn dövrdə görüləcək işlər barədə ümumi məlumat verib.
Bundan sonra Fondun Müşahidə Şurası sədrinin və onun müavininin seçilməsi məsələsi müzakirə edilib. Təkliflər dinlənildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin Fondun Müşahidə Şurasının sədri, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə sədr müavini seçilməsi təklifi səsə qoyulub və təklif yekdilliklə qəbul edilib.
İclasda Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Fondun gələcək fəaliyyəti barədə fikirlərini öz bölüşüblər.
KİVDF-nin mətbuat xidməti