2014-cü ildə taekvondo üzrə yeniyetmələr arasında dünya çempionatı Bakıda keçiriləcək. Bu qərar Beynəlxalq Taekvondo Federasiyası İcraiyyə Komitəsinin iclasında qəbul edilib. İsveçrənin Lozanna şəhərində keçirilən tədbirdə Qran-pri seriyasından ilk turnirin Mançesterdə təşkil ediləcəyi də artıq məlum olub. Böyüklər arasında 2015-ci il dünya çempionatının keçirilməsi isə Rio-de-Janeyro (Braziliya) və Hoşimin (Vyetnam) şəhərləri ilə çətin mübarizədən qalib ayrılan Çelyabinskə (Rusiya) həvalə edilib. Bundan başqa, İcraiyyə Komitəsinin iclasında dünya reytinqinin hesablanma qaydaları və bir sıra aktual məsələlər də müzakirə olunub.