Formula 1 Azərbaycan Qran-Prisi: akkreditasiyanın vaxtı uzadıldı

Formula 1 Azərbaycan Qran-Prisi: akkreditasiyanın vaxtı uzadıldı


Bu il aprelin 26-28-də dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulunun vaxtı uzadılıb. Proses saat martın 5-i, saat 17:00-da yekunlaşacaq.

Azərbaycan Qran-Prisi də daxil olmaqla, bütövlükdə 2019-cu il Formula 1 dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.