ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında dünya birinciliyi keçirilir. 50 ölkənin 200-dən çox atletinin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Təmsilçilərimizdən ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdənqaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək 96 kiloqram nəticə göstərib. O, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə medal 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kiloqram çəki dərəcəsində Azər Məmmədli tərəfindən əldə edilmişdi.
Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.
Ümumilikdə 211 kiloqram (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.
Yarışdan sonra Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz deyib: "Uzun müddət idi Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki, bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərimin əməyi böyükdür. Qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacağam”.
Yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən dünya birinciliyi martın 16-dək davam edəcək.