“Bakı Şəhər Halqası” Monakoda

“Bakı Şəhər Halqası” Monakoda


"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov Monako Qran-Prisi ərəfəsində Formula 1-in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumda iştirak edib. "Financial Times” qəzetinin təşkilatçılığı ilə keçirilən forum bu il Monako Qran-Prisinin 90 illiyi münasibətilə "Formula 1-in iqtisadi faydaları” mövzusuna həsr olunub.
BŞH-nin dəstək göstərdiyi forumda Arif Rəhimov, Fransa Qran-Prisinin strateji məsləhətçisi və qlobal səfiri Erik Bulliyer, "Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, UBS şirkətinin sponsorluq və tədbirlər departamentinin qrup rəhbəri Biyorn Vaspi, "Williams” komandası rəhbərinin köməkçisi Kler Uilyams və "Sky Sports” kanalının Formula 1 üzrə rəhbəri Skot Yanq iştirak ediblər.
Sayca üçüncü olan builki foruma avtoidman dünyasından 100-ə yaxın ali nümayəndə, o cümlədən Formula 1 yarışlarında sponsorluq edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub.
Forumda çıxış edən A.Rəhimov Bakının mərkəzi küçələrində keçirilən Azərbaycan Qran-Prisinin ölkəyə, xüsusən də ölkəmizin paytaxtına qazandırdığı iqtisadi və sosial faydalardan danışıb. O, qlobal təqdimat baxımından yarışın geniş imkanlar yaratdığını bildirib.
Forum zamanı digər natiqlər Formula 1-in yeni rəhbərliyinin bu idman yarışının təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən Formula 1 auditoriyasının müasir cağırışları və təqvimə əlavə olunan yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, BŞH-nin Monakoda təşkil olunan forumda iştirakı təsadüfi deyil. Əməliyyat Şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən Formula 1-in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə son üç il ərzində hər il ardıcıl olaraq Formula 1 yarışlarının faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa, şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Formula 1 Qran-Prisinin ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilib və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunub.