Avarçəkənimiz tarixi uğura imza atıb

Avarçəkənimiz tarixi uğura imza atıb


Akademik avarçəkənimiz Aleksandr Aleksandrov tarixi uğura imza atıb. 23 yaşlı idmançımız Böyük Britaniyanın paytaxtı Londonda 1839-cu ildən keçirilməyə başlayan Henli Kral Reqatasının ("Henley Royal Regatta”) qalibi olub. O, nüfuzlu yarışa xüsusi dəvətlə qatılıb və kişilər arasında açıq yarış kateqoriyasının "The Diamond Challenge Sculls” ("Brilyant çağırış avarları”) növündə çıxış edib.
"Kür” klubunun üzvü mübarizəyə təsnifat mərhələsindən qoşulub. Avarçəkənimiz əvvəlcə Yeni Zelandiyalı 3 qat dünya çempionu Dankan Qrantla yarışıb. Finişə rəqibindən 8 dəqiqə 7 saniyə tez çatan təmsilçimiz 1/4 finala yüksəlib. Növbəti mərhələdə o, daha bir yeni zelandiyalı - 5 qat Olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyllə ötüşüb. Avarçəkənimiz son olimpiadanın finalından fərqli olaraq, bu dəfə Drizdeyldən üstün olub. O, finişə 7 dəqiqə 41 saniyəyə çatıb. Aleksandrovun yarımfinaldakı rəqibi isə sloveniyalı Olimpiya və 3 qat dünya çempionu Luka Şpik olub. Bu dəfə də avarçəkənimiz 7 dəqiqə 50 saniyə nəticə ilə qalib gələrək, finala adlayıb. Nəhayət, həlledici yürüşdə Aleksandrov Böyük Britaniyalı, 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Alan Kempbellə yarışıb. Bu dəfə isə idmançımız ən yüksək nəticə - 7 dəqiqə 30 saniyə göstərərək, qalib adını qazanıb.
Henli reqatası dünyada akademik avarçəkmə üzrə ən məşhur və nüfuzlu yarışlardan sayılır. Burada iştirak etmək istənilən avarçəkənin karyerasında ən mühüm mərhələ sayılır, qələbə isə Olimpiya çempionluğuna bərabər tutulur. İlk dəfə Henli reqatası milli və beynəlxalq avarçəkmə federasiyalarının əsası qoyulmamışdan xeyli əvvəl keçirilib. Ona görə də bu reqata onların səlahiyyətində deyil. Amma bu qurumlar tərəfindən rəsmən tanınıb və nadir qaydalara malikdir. Reqata London ətrafındakı Henli şəhərciyində keçirilir.


İlk dəfə Henli reqatası cəmi 1 gün keçirilib. Lakin illər keçdikcə iştirakçıların sayı daim artıb və yarış günlərinin də sayı çoxalıb. Hazırda bu reqata 5 gün davam edir və reqataya bir həftə qalmış təsnifat yürüşləri keçirilir. Yarışın son günündə, yəni iyulun ilk bazar günündə bütün finallar təşkil olunur. 1851-ci ildən Henli reqatası şahzadə Albertin, sonra isə vəliəhdin özünün himayədarlığı altında keçirilib. Bu səbəbdən kral reqatası statusu alıb. Yalnız I və II dünya müharibələri vaxtı baş tutmayan reqata qalan vaxtlarda hər il təşkil olunub. Bundan başqa, Henli reqatası hazırda ölkənin ən əlamətdar ictimai hadisələrindən sayılır. Bura kral ailəsinin, habelə cəmiyyətin ali təbəqəsinin baş çəkməsi mütləqdir və burada özünəməxsus geyim forması mövcuddur. Bu, xüsusən kral tribunasına yaxın yerlərə bilet alanlara aiddir. Bu reqatada məsafənin uzunluğu 1 mil 550 yarda (2112 metr) bərabərdir ki, bu da standart beynəlxalq məsafədən 112 metr çoxdur. Digər fərq isə burada yalnız 2 yürüş cığırından istifadə olunandır. Ona görə də hər bir start yüksək tezliklə verilir. Startın verildiyi Xram adalarında 1771-ci ildə Ceyms Vayttın inşa etdirdiyi kilsə həmişə turistlərin üzünə açıqdır. Henlidə su və avarçəkmə muzeyi də açılıb.