Belçikadakı Spa uik-endi ərəfəsində "Mercedes” komandası Valtteri Bottasla kontraktı 2020-ci il mövsümü müddətinə uzadıb. Valtteri Bottas deyib: "Mən dörd il dalbadal komandanın bir hissəsi olmaqdan xoşbəxtlik və qürur hissi keçirirəm. Mənə göstərilən etimada görə komandanın bütün əməkdaşlarına və "Mercedes”in Direktorlar Şurasına minnətdarlığımı bildirirəm. Hər il daha yaxşı çıxış etmişəm və kontraktın imzalanması mənim 2019-cu il mövsümünün ikinci yarısına başlamağım üçün əla stimul olub. Məqsədim Formula 1 çempionu olmaqdır, hesab edirəm ki, "Mercedes”lə imzalanmış kontrakt 2020-ci ildə bu hədəfə çatmaq üçün ən yaxşı üsuldur. Mövsümün sonuna hələ doqquz Qran-Pri qalır və mən onların hər birində irəliləyiş əldə etməyi düşünürəm. Hazırda diqqətimi tamamilə Spa Qran-Prisinə və burada keçiriləcək uik-enddə komanda üçün daha yüksək nəticə əldə edilməsinə yönəltmişəm”.
Komandanın rəhbəri Toto Volff qeyd edib: "Biz Valtterinin qarşısında 2018-ci ilin birinci yarısına nisbətən 2019-cu ildə daha güclü çıxış etmək vəzifəsini qoymuşuq və o, ilk yürüşlərdə yaxşı nəticələr əldə edərək buna nail olub. Hərçənd bu mövsümün birinci hissəsi onun karyerasında ən yaxşıdır, amma pilot hər bir Qran-Pridə daha yüksək nəticələr əldə etməyə və öz ustalıq səviyyəsini daim artırmağa səy göstərir. Biz komandanın bütün üzvlərindən işinə bu cür yanaşmağı tələb edirik.
Valtteri son iki ildə komandamızın uğurlarının bir hissəsi olub və Luis Hemiltonla qüsursuz qarşılıqlı fəaliyyət göstərib. O, uğursuzluqdan sonra da öz güclü xarakterini nümayiş etdirib. Şadam ki, o, daha bir il müddətinə komandamızda qalacaq və onun daha yüksək nəticələr qazanacağını gözləyirəm”.
Bottas hazırda 188 xalla pilotların ümumi hesabında ikinci yeri tutur. O, cədvəldə liderlik edən Hemiltondan 62 xal geridədir.