Ağırlıqqaldırma üzrə beynəlxalq dərəcəli hakim Vahid Nəzərov Tokio-2020 Yay Olimpiya Oyunlarda iştirak edəcək. 60 yaşlı mütəxəssis 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək XXXII Yay Olimpiya Oyunlarında hakimlər briqadasında yer alacaq. O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 4 illiyin ən möhtəşəm yarışında ədaləti qoruyacaq 20 hakimdən biri olacaq. Bununla da Vahid Nəzərov Olimpiadada ikinci sınağına çıxacaq.
Xatırladaq ki, təcrübəli mütəxəssis bundan əvvəl London-2012 Yay Olimpiya Oyunlarında da ədaləti qoruyub. Təmsilçimiz həmçinin Sinqapur-2010 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da eyni funksiyanı yerinə yetirmişdi.
Qeyd edək ki, həmyerlimiz hazırda Tailandın Pattaya şəhərində keçirilən dünya çempionatında münsiflər heyətinin üzvü və hakim-komissar kimi çalışır. Təcrübəli mütəxəssis yarış zamanı hakimlərin işinə qiymət verir. O, dünya çempionatında bu vəzifəni icra edən ilk azərbaycanlıdır.