“Judo Club 2012”nin “Olimpiya ümidləri”

“Judo Club 2012”nin “Olimpiya ümidləri”


"Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi "Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizlə yanaşı, Özbəkistan, Türkmənistan və Ukraynadan 30 regionu təmsil edən 65 klubun tərkibində 734 aşağı yaşlı karateçi mübarizə aparıb. 6-13 yaşlı uşaqlar arasında keçirilən turnirdə "Judo Club 2012”nin karateçiləri də qüvvələrini sınayıblar. İdmançılar bu yarışda klubun karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin rəhbərliyi altında iştirak ediblər. Klubun yetirmələri beynəlxalq turnirdə 1 qızıl və 3 bürünc medal qazanıblar. 8 yaşlı idmançıların yarışında Hüseyn Qədirov (23 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bu yaş qrupu üzrə qızların yarışında klubun yetirməsi Sumeya Destan (25 kq) isə bürünc medala sahib çıxıb. Fərdi yarışlarda komandamıza digər bürünc medalı 12-13 yaşlı karateçilərin mübarizəsində çıxış edən Eldar Heybətov (45 kq) qazandırıb. "Judo Club 2012”nin yetirmələrinin uğurlu çıxışı bununla kifayətlənməyib. Klubun 8-9 yaşlı qızlardan ibarət karateçiləri komanda yarışlarında bürünc medala sahib çıxıblar.