Karateçilərimiz Moskvada mübarizəyə başlayırlar

Karateçilərimiz Moskvada mübarizəyə başlayırlar


Oktyabrın 4-də Azərbaycan idmançılarının iştirak etdikləri Moskva Karate 1 Premyer Liqa turnirinə start verilib. Yarışın birinci günündə fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov,
Hümmət Baxşəliyev və Tural Ağalarzadə (hər biri 67 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) iştirak edirlər.
Kumite yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan F.Fərzəliyev yarışa ikinci mərhələdən başlayacaq. O, bu mərhələdə İran idmançısı Əli Meşkini ilə üz-üzə gələcək. Yarışda 67 kiloqram çəki dərəcəsində çıxış edən T.Ağazadə Venesuela təmsilçisi Andres Madera, R.Həsənov belçikalı Jes Rosiello, H.Baxşəliyev isə İran karateçisi Əmir Mehdizadə ilə qarşılaşacaq.
Qadınlar arasında N.Əliyeva (50 kq) yaponiyalı Endo Çinatsu, İlahə Qasımova (55 kq) isə belaruslu İrina Sarıkina ilə görüşəcəklər.
Bundan başqa, Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət milli kata komandası da mübarizəyə qatılıb.
Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının altıncı mərhələsində 20 idmançımız mübarizə aparır. Sentyabrın 23-dən Rusiyanın paytaxtına 10 günlük təlim-məşq toplanışına yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançımız onlara qoşulub.
Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev və Tural Ağalarzadə (hər üçü 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (hər üçü 84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq) mübarizə aparırlar.
Roman Heydərov (fərdi) baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata çıxışlarına qatılacaq.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi nümayəndə heyətində vitse-prezident Rəhman Hətəmov, beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev də yer alıblar.
Karate 1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən 642 idmançı gücünü sınayır.