Oktyabrın 5-də Bakı İdman Sarayında Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı ilə I Azərbaycan Budo Festivalı keçirilib. Tədbirdə Ekologiya naziri, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Muxtar Babayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının prezidentləri, həmçinin rəsmi şəxlər iştirak ediblər.
Festivalın əvvəlində Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda birinci budo festivalının keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə budonun inkişaf etdiyini vurğulayan diplomat bildirib ki, bu, Azərbaycanda yapon döyüş sənətlərinə marağın xeyli artmasının nümunəsidir. "Məndə olan məlumatlara görə Azərbaycanda yapon döyüş sənətləri üzrə məşğul olanların sayı 40-50 min nəfərə yaxındır. Bu məni çox sevindirir. Yaponiyada 9 budo ənənəvi döyüş sənətləri növü var. Bugünkü tədbirdə Azrəbaycanda yaxşı tanınan cüdo, karate, aikido, ciu-citsu, sumo və kendo idman növləri üzrə 90-a yaxın idmançı nümunəvi çıxışlar nümayiş etdirəcəklər. İdmançılarınız yapon döyüş növləri üzrə beynəlxalq arenada dəfələrlə qalib gələrək Azərbaycanın bayrağını zirvələrə qaldırıblar. Gələn il Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycandan da çoxlu sayda idmançının iştirak edəcəyini gözləyirik. İnanıram ki, azərbaycanlı idmançılar Tokioda mükafatçılar sırasında yer alacaqlar”, - deyə Teruyuki Katori bildirib.
Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. O, bildirib ki, festivalın Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, budo döyüş növləri ölkəmizdə xeyli inkişaf edib. "Ölkəmizdə idmanın inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu qayğı nəticəsində bu gün Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Bugünki festivalda nümayiş olunan idman növləri Gənclər və İdman Nazirliyinin diqqət mərkəzindədir. Bu idman növlərinə aid xüsusi bölməmiz fəaliyyət göstərir. İnanıram ki, belə tədbirlər gələcəkdə ənənə halının alacaq. Gənclər və İdman Nazirliyi bu idman tədbirinin keçirilməsinə bundan sonra da dəstək verməyə hazırdır”, - deyə nazir müavini qeyd edib.
Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev festivalın təşkilinə görə minnətdarlığını bildirib. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə ən nüfuzlu beynəlxalq turnirlərin yüksək səviyyədə təşkil edildiyini vurğulayan Ü.Quliyev bu baxımdan I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, Formula 1 yarışlarını və s. qeyd edib. O, I Budo Festivalının ölkəmizdə yapon döyüş sənətlərinin inkişafına və kütləviliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib.
"İlk dəfədir ki, Azərbaycanda budo festivalı keçirilir. Budo festivalı yapon döyüş növlərini əhatə edir. Bu festivalın keçirilməsində əsas məqsəd yapon döyüş növlərinin təbliğatıdır. Biz belə tədbirlər təşkil etməklə Azərbaycan gənclərini sağlam həyat tərzi keçirməyə dəvət edirik. İstəyirik ki, Azərbaycan gəncləri fiziki, əqli və mənəvi cəhətdən sağlam olsunlar”, -deyə Ülvi Quliyev bildirib.
Çıxışlardan sonra yaponiyalı səfir Teruyuki Katori Azərbaycanda yapon döyüş sənətlərinin inkişafındakı xidmətləri olan müvafiq federasiyaların prezidentlərinə diplomlar təqdim edib.
Sonra iştirakçılara müxtəlif döyüş sənətləri ilə tanışlıq imkanı da yaradılıb. Burada yapon döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo üzrə nümunəvi çıxışlar təqdim olunub.
Tədbirdə həmçinin Yaponiyanın mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatları stendlər də nümayiş olunub.
Sonda tədbirin ərsəyə gəlməsinin təşəbbüskarlarından olan Festivalın Təşkilat Komitəsinin üzvləri "Olimpiya dünyası” qəzetinə fikirlərini bildiriblər.
Təşkilat Komitəsinin üzvü, Aikido Federasiyasının nümayəndəsi Ramin Məmməd-zadə festivalın əhəmiyyətindən danışaraq, tədbirin gənclərin fiziki və mənəvi sağlamlığının inkişafında, həmçinin onların sağlam həyat tərzinə cəlb olunmasında böyük rol oynayacağını bildirib. Təcrübəli aikido ustası festivalın ənənəvi hal alacağını və gələcək illərdə daha geniş şəkildə keçiriləcəyini qeyd edib.
Azərbaycan Kendo Təşkilatının prezidenti Ramazan Ağayev festivalda döyüş növləri ilə yanaşı, yapon mədəniyyətinin təbliği, Yaponiya və Azərbaycan arasında olan münasibətləri daha da yaxşılaşdırılmasında böyük rol oynadığını diqqətə çatdırıb. Onun sözlərinə görə festivalın əhəmiyyətindən biri də ondan ibarətdir ki, arenaya toplaşan tamaşaçılar yapon döyüş sənətləri haqqında ətraflı məlumat əldə edərək, gələcəkdə hansı idman növü ilə məşğul olmağı özləri üçün müəyyən edə biləcəklər.
Festivalın Təşkilat Komitəsinin üzvlərindən biri olan "Azərbaycan Wado-Ryu Karate-Do” klubunun prezidenti, Əməkdar məşqçi Gündüz Mahmudov Azərbaycan döyüş sənətləri tarixində ilk dəfə olaraq keçirilən festivala əsas hazırlığın ötən ilin oktyabr ayından başladığını qeyd edib. O, bildirib ki, tədbir Azərbaycanda fəaliyyət göstərən Yaponiya Səfirliyinin və Yaponiya şirkətlərinin maliyə dəstəyi ilə həyata keçirilib. "Bu tədbiri təşkil etməkdə əsas məqsəd Azərbaycanda yapon döyüş sənətlərini təbliğ etmək, bu sahədə fəaliyyət göstərən federasiyaların nümayəndələrini bir araya toplamaq, eyni zamanda Azərbaycan və Yaponiya arasında olan mədəni əlaqələri gücləndirməkdən ibarət idi. Festivalda Azərbaycanda fəaliyyət göstərən 5 federasiya və 1 təşkilat iştirak edirdi. Düşünürəm ki, festival istədiyimiz səviyyədə həyata keçdi. Bu gün yeniyetmə və gənclərdə hansı idman növünü seçmək sualı yaranır. Təbii ki, cavabı tapıb düzgün qərar vermək üçün hər növün xüsusiyyətlərini anlamaq, müsbət və mənfi tərəflərini bilmək lazımdır. İnanıram ki, budo festivalında iştirak edən şəxslər də məhz bu suallara mükəmməl cavab tapıb, düzgün qərar verərək idman növlərində seçim edə biləcəklər. Biz gələcəkdə də ənənəvi olaraq bu festivalı keçirməyi planlaşıdırırıq”, - deyə Gündüz Mahmudov bildirib.
Azər Əlizadə