Fevralın 7-də Rusiyanın 8 ən iri şəhərində 2014-cü il Olimpiadasının başlanmasına qalan vaxtın hesablanması üçün qurulmuş saatların açılış mərasimləri keçirilib. İlk təntənəli mərasim Xabarovskda olub. Rusiya Federasiyasının Prezidentinin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Viktor İşayev "Rusiya üzərinə oyunları hazırlayıb keçirmək kimi böyük bir məsuliyyət götürüb. Bu, böyük zəhmətdir, lakin həm də idmanın inkişafına böyük təkandır", - deyə bildirib. "Platinum Arena" idman kompleksinin yanında quraşdırılmış saatın çəkisi 3,5 tondur. Saat Rusiya tarixində ilk Olimpiya oyunlarına qalan vaxtı saniyəbəsaniyə göstərəcəkdir. Vaxtın geriyə hesablanması təsadüfən fevralın 7-də işə salınmayıb: düz bir il sonra Soçi yüksək səviyyəli bu yarışlara ev sahibliyi edəcək. Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Rostov-Don, Yekaterinburq, Novosibirsk və Pyatiqorskda da belə saatların açılışı olacaq.