Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar. Oktyabrın 21-də təmsilçimiz Rüstəm Qasımov körpücük üzərinə çıxıb. O, yaşı 20-dək olan gənc atletlərin 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. On yeddi yaşlı idmançımız iki hərəkətin cəmində 274 kiloqram (123+151) nəticə ilə doqquzuncu yeri tutub.
R.Qasımov gənclər arasında keçirilən yarışda iştirak etsə də, qaldırdığı çəkilər yeniyetmələr arasında Avropa rekordu kimi qeydə alınıb. Atletimizin birdənqaldırmada ram etdiyi 123 kiloqram çəki yeniyetmələrin yeni Avropa rekordudur. Bununla yanaşı, R.Qasımov təkanla qaldırmada 151 kiloqramın öhdəsindən gəlib ki, bu da təkanla qaldırma üzrə Avropa yeniyetmələr rekordu olan 150 kiloqramlıq nəticənin yenilənməsi deməkdir. Eyni zamanda, təmsilçimiz iki hərəkətin cəmində göstərdiyi 274 kiloqramlıq nəticə də Avropa rekordu olan 270 kiloqramın yenilənməsi demək olub. Təkanla qaldırma və iki hərəkətin cəmində qeydə alınan rekordlar, həmçinin bugünki yarışda çıxış edən Qurami Giorbelidze tərəfindən müvafiq olaraq 2 və bir kiloqram yenilənib.