Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda mübarizədə Azərbaycan yığma komandasının üzvləri də yarışırlar. Oktyabrın 23-də millimizin üzvü Elşad Şərifov körpücük üzərinə çıxıb. O, yaşı 23-dək olan atletlərin 73 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdənqaldırma hərəkətində 123 kiloqramı ram etməklə 7-ci yeri tutub. E.Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kiloqramı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Təmsilçimiz toplam 283 kiloqram (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.