Ağırlıq qaldıranlarımız Kazandan iki medalla qayıtdılar

Ağırlıq qaldıranlarımız Kazandan iki medalla qayıtdılar






Yığma komandamız Bakıda böyük təntənə ilə qarşılandı

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Yay Universiadası davam edir.
Azərbaycan milli komandasının üzvləri universiadada çıxışlarını davam etdirirlər.
Artıq universiada çərçivəsində keçirilən ağırlıqqaldırma yarışları başa çatıb. Qeyd edək ki, 50 ölkədən 253 atletin mübarizə apardığı yarışda baş məşqçi Zlatan Vanev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında yığma komandamız da qüvvəsini sınayıb. Belə ki, kişilərin mübarizəsində Yuri Dudoqlo (62 kq), Firudin Quliyev (69 kq), Nicat Rəhimov, Elxan Əliquluzadə (hər ikisi 77 kq), Nailxan Nəbiyev (94 kq) və Aluda Manaqadze (105 kq) öz bacarıqlarını nümayiş etdiriblər. Qadınlarda isə Yuliya Derkaç (53 kq), Kristina Yovu (58 kq), Alyona Kiriyenko (69 kq) və Tatyana Varlamova (+75 kq) yarışıblar.
Ötən sayımızda ağırlıqqaldıranlarımızın çıxışları ilə bağlı ətraflı məlumat vermişdik.

Xəbər verdiyimiz kimi, universiada çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarında Kristina Yovu 58 kq çəki dərəcəsində 226 kq (100 kq + 126 kq) nəticə ilə Kazan Universiadasının gümüş medalına yiyələnib. 69 kq çəki dərəcəsində Firudin Quliyev 323 kq (142 kq + 181 kq) nəticə ilə milli komandamıza ilk qızıl medalı qazandırıb. Digər idmançılarımızdan Yuliya Derkaç 53 kq çəki dərəcəsində 187 kq (86 kq + 101 kq) nəticə ilə 5-ci yeri tutub. Alyona Kiriyenko da (69 kq) 209 kq (94 kq + 115 kq) nəticə ilə 5-ci yerə layiq görülüb.
Kişilərin yarışında 62 kq-da Yuri Dudoqlo iki hərəkətin cəmində 298 kq (133 kq + 165 kq) nəticə ilə universiadanı 7-ci pillədə başa vurub.
77 kq çəki dərəcəsində Nicat Rəhimov və Elxan Əliquluzadə çıxış ediblər. 314 kq (135 kq + 179 kq) nəticə göstərən Elxan Əliquluzadə yarışları 12-ci pillədə yekunlaşdırıb. Bu çəki dərəcəsində çıxış edən digər atletimiz Nicat Rəhimov birdənqaldırmada 152 kq ağırlığı qaldıraraq bu mərhələni 5-ci yerdə başa vurub. Yeniyetmələrin Sinqapurda təşkil olunan I Yay Olimpiya Oyunlarının qalibi təkanla qaldırmada uğursuz çıxış edərək, mübarizəni nəticəsiz başa vurub.
Milli komandamızın 105 kq çəki dərəcəsində təmsilçisi Aluda Manaqadze də mükafat qazana bilməyib. Birdənqaldırmada 78 kq ağırlığın öhdəsindən gələn atletimiz, ikinci yanaşmada 181 kq nəticə ilə diqqəti çəkib. Aluda növbəti cəhddə 185 kq ağırlığın öhdəsindən gələ bilməyib. Nəticədə o, 3-cü pillədə qərarlaşıb.

Təkanla qaldırma hərəkətində 205 kq nəticə ilə başlayan idmançımız ikinci yanaşmada 210 kq ağırlığın öhdəsindən gəlib. Lakin Manaqadzenin sifariş verdiyi 215 kq ağırlıq uğursuz olub. O, bu hərəkətdə 5-ci yerlə kifayətlənib.
Beləliklə, iki hərəkətin cəmində 391 kq (181 kq + 210 kq) nəticə göstərən Manaqadze milli komandamızın heyətindəki debütdə 4-cü yeri tutub.
94 kq çəki dərəcəsində çıxış edən Nailxan Nəbiyev ona bəslənilən ümidləri doğrulda bilməyib. O, birdənqaldırmada 160 kq sifariş versə də həmin çəkini ilk iki cəhddə qaldıra bilməyib və 3-cü yanaşmada 163 kq çəki sifariş verib. Lakin bu, bir səmərə verməyib. Nəticədə Nailxan Nəbiyevi yarışı sıfır nəticə ilə başa vurub.
Çəkisi 75 kq-dan artıq olan qadın atletlərin yarışında ölkəmizi Tatyana Varlamova təmsil edib. Yığmanın debütantı uğurlu nəticə əldə edə bilməyib. O, birdənqaldırma yarışlarında 115 kq nəticənin öhdəsindən gələ bilməyib.
İyulun 13-də ağırlıqqaldırma üzrə milli komandamız Rusiyanın Kazan şəhərindən vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gül-çiçək və böyük diqqətlə qarşılanan yığmamız böyük təntənə ilə qarşılanıb.


Anar Əhmədov