Gənc karateçilərimiz dünya çempionatını 4 medalla başa vurdular

Gənc karateçilərimiz dünya çempionatını 4 medalla başa vurdular
 
Çilinin paytaxtı Santyaqoda keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Xl dünya çempionatına yekun vurulub. Azərbaycan komandası dünya çempionatını 4 medalla başa vurub.
Yarışda milli komandamızın üzvü Hüseyn Məmmədli - 61 kq çəki dərəcəsində gümüş medala sahib çıxıb. "Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvü olan Hüseyn bu uğuru 16-17 yaşlı idmançıların mübarizəsində qazanıb. "Təhsil” RİM-in baş məşqçisi, Əməkdar məşqçi Əbülfət Qarayevin yetirməsi olan H.Məmmədli çempionatda 6 görüş keçirib. Yalnız finalda zədə səbəbindən Misir idmançısına məğlub olan idmançımız gümüş medala layiq görülüb.
Qeyd edək ki, Hüseyn Məmmədli həmçinin bu il yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc, Məktəblilərin Dünya Döyüş Oyunlarında isə qızıl medala layiq görülmüşdü.
Yığma komandamızın digər üzvlərindən Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (76 kq-dan yuxarı) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (59 kq) çempionatda yaxşı təsir bağışlasalar da, medalçılar sırasına düşə bilməyiblər.