Formula 1-in sabiq pilotu, hazırda "Sky Sports”un eksperti Martin Brandl ikiqat dünya çempionu Fernando Alonsonun gələcək karyerası barədə fikirlərini bölüşüb. Xatırladaq ki, ispan pilot Formula 1-i 2018-ci il mövsümü başa çatanda tərk edib, lakin tez-tez 2021-ci ildə yeni texniki reqlament qüvvəyə minəndə geri qayıdacağından danışır.
Brandlın fikrincə, belə variant mümkündür və Fernando "Reno” ilə müqavilə imzalayacaq.
"Marca” nəşri Brandlın bu sözlərini sitat gətirib: "Fernando Alonso təsdiq edib ki, 2021-ci ildə Formula 1-in start düzülüşünə qayıtmaq istəyir. Çox güman, bu, "Reno” komandası olacaq. Hazırda Formula 1 diqqətini gənc pilotlar üzərində cəmləşdirib, lakin Lekler və Ferstappenə bənzəyən pilotlar o qədər də çox deyil. Hətta "Red Bull”un gənclər proqramı da yavaşıyıb”.
Xatırladaq ki, Alonso "Reno” komandasının heyətində oynayıb və bu komanda ilə iki titul qazanıb.