İsrailin Eylat şəhərində 15 və 17 yaşına qədər yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçirilir. 37 ölkədən 498 (228 qız və 270 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar. Yarışın ilk günündə üç atletimiz mübarizəyə başlayıb. Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlardan Aişə Əliyeva (40 kq) çıxıb. Atletimiz ümumilikdə 85 kq (36+49) nəticə ilə 6-cı yeri tutub.
Sonra bu yaş qrupunda Selcan Qarayeva yarışıb. O, 45 kq çəki dərəcəsində 121 kq (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb. Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdən Kənan Rəhimov çıxıb. O, 49 kq çəki dərəcəsində ümumilikdə 168 kq (70+98) nəticə ilə 6-cı yeri tutub.
Növbəti yarış günündə yığmamızın üzvü Elşən Məmmədov yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə bu hərəkətdə gümüş medal qazanıb. Təkanla qaldırma hərəkətində 129 kq nəticə göstərən idmançımız bu hərəkətdə bürünc medala sahib olub.
Toplam 235 kq (106+129) nəticə (toplamda yeni Avropa rekordu) ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.
Bu, onun ikinci belə nəticəsidir. Belə ki, Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal əldə etmişdi.