Yanvarın 12-də Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə Avropa kubokunun birinci mərhələsinə yekun vurulub. İki gün davam edən qitə kubokunda Azərbaycanla yanaşı, Macarıstan, Rusiya, Ukrayna, Polşa, Norveç, Almaniya və İtaliyanı təmsil edən 362 idmançı mübarizə aparıb. Kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda komandamız Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında 11 idmançı ilə təmsil olunub.
Komandamız yeni ilin ilk sınağında uğurla çıxış edərək 3-ü qızıl, 7-i gümüş, 1-i isə bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.
Kadetlər arasında keçirilən yarışda Alim Balaşlı (55 kq) birinci, Səid Tahirov (60 kq) və Azad Cəfərov (55 kq) isə ikinci yeri tutub. Yeniyetmələrin mübarizəsində isə Əli Həsənov (60 kq) bütün rəqiblərini üstələyərək çempion adına layiq görülüb. Bu kateqoriyada çıxış edən yığma komandamızın digər üzvləri Alim Balaşlı (60 kq) və Ağamalı Abdulov (100 kq) isə yalnız finalda məğlub olaraq gümüş medallara sahib çıxıblar.
Gənclər arasında keçirilən yarışlarda isə Babək Abdullayev (60 kq) və Məhərrəm Eyvazov (70 kq) komandamıza növbəti gümüş medalları qazandırıblar.
Turnirin ən gərgin mübarizəsi şübhəsiz ki, kişilər arasında keçirilən yarışda qeydə alınıb. Bu kateqoriyada Cavid Mustafayev 77 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan himnini səsləndirməyə müvəffəq olub. Digər idmançımız Məhərrəm Eyvazov (70 kq) isə ikinci yerə layiq görülüb. Bu çəki dərəcəsində çıxış edən komandamızın digər üzvü Xəyyam Abdullayev isə üçüncü yerlə kifayətlənib.
Sumo üzrə yıçmamız bu nəticə ilə ümumi komanda hesabında üçüncü yeri tutub.
Qeyd edək ki, turnirdə ölkəmizi hakim qismində Rəsul Həsənov təmsil edib. Macarıstana yollanan komandamızın tərkibində həmçinin məşqçi Ayaz Cəfərov da yer alıb.
Məlumat üçün qeyd edək ki, bu il aprelin 16-20-də ölkəmiz sumo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Mötəbər yarışda “köhnə qitə”nin 20-dən çox ölkəsindən 300-ə yaxın idmançı paytaxtımızda qüvvəsini sınayacaq.