Niyaməddin Paşayev: “İdman zalları bağlansa da, idmançılarımızla maraqlanır, onları diqqətdə saxlayırıq”

Niyaməddin Paşayev: “İdman zalları bağlansa da, idmançılarımızla maraqlanır, onları diqqətdə saxlayırıq”


Bu gün dünyamız yeni bir bəla ilə - koronovirusla qarşı-qarşıyadır. Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da pandemiyaya qarşı dövlətimiz tərəfindən çox ciddi tədbirlər həyata keçirilir. Epidemiyasının sürətlə yayılmasının qarşısını almaq üçün isə dünya ölkələri vətəndaşlarını evdə qalmağa səsləyir. Azərbaycan da dövlətimiz tərəfindən əhalinin təhlükəsizliyini və sağlamlığının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. “Olimpiyadunyasi.com” və “olimpnews.az” saytı olaraq karantin günlərində məşhur idmançılarımız və mütəxəssislərimizlə əlaqə saxlayaraq onların bu qaydalara necə əməl etdikləri və karantin günlərində hansı işlərlə məşğul olduqları barədə məlumat öyrənməyə çalışırıq. Budəfəki həmsöhbətimiz ölkəmizin müstəqillik illərində taekvondo üzrə ilk dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyamməddin Paşayev oldu. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin inzibati idarəetmə şöbəsinin rəisi vəzifəsində də çalışan gömrük xidməti polkovniki ona ünvanlanan suallarımızı səmimi cavablandırdı.


- Niyaməddin müəllim, ölkəmizdə karantin rejimi tətbiq olunub. Maraqlıdır idman ictimaiyyətinin nümayəndəsi və kimi siz bu qaydalara necə əməl edirsiniz?
- Qeyd etdiyiniz kimi, ölkəmizdə ciddi karantin rejimi tətbiq olunub. Hər kəs çalışır ki, #evdəqal çağırışına əməl etsin. Təbii ki, bu qaydaları pozan şəxslər də var. Lakin onlara demək istəyirəm ki, hər bir vətəndaş özünün və yaxınlarının sağlamlığı üçün karantin qaydalarına əməl etsinlər. Mən də çalışıram ki, hər bir vətəndaş kimi dövlətimiz tərəfindən tətbiq olunan karantin qaydalarına riayət edim. Düzdür, işimlə əlaqədar olaraq hər gün səhər tezdən işə gedirəm. Lakin çalışıram ki, harada olsam da gigiyenik qaydalara və dövlətimiz tərəfindən görülən tədbirlərə riayət edim. Məşqlərimi isə evdə olduğum müddətdə edirəm. Onu da qeyd edim ki, övladlarım da mənimlə birgə məşq edirlər.


- COVİD-19 pandemiyası idman sahəsinə də təsirsiz ötüşmədi. Bu epidemiya səbəbindən takevondoçularımızın da iştirak edəcəyi bir sıra turnirlər və Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salındı. Hazırda idmançılarımızın məşq prosesləri necə aparılır?
- Bildiyiniz kimi, tətbiq olunan sosial izolyasiya tədbirlərinə əsasən ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri də təxirə salınıb. İdman zalları və federasiyalar müvəqqəti olaraq fəliyyətini dayandırıb. Lakin bu o demək deyil ki, biz yalnız evdə oturub, hər şeyi başdı-başına buraxmışıq. İdmançılarımızla mütəmadi olaraq əlaqə saxlayır, onlarla tez-tez maraqlanırıq. Təbii ki, bu pandemiya idman sahəsinə də böyük təsir göstərdi. İlin ən möhtəşəm yarışı olan Olimpiada və bir sıra mühüm idman tədbirləri qeyri-müəyyən vaxta təxirə salındı. Lakin düşünürəm ki, idmançılar bundan məyus olmamalıdırlar. Onlar dövlətimizin #evdəqal çağırışlarına əməl edərək, gündəlik olaraq ev şəraitində məşqlərini də etməlidirlər. Dediyim ki, idman zalları bağlansa da, idmançılarımızla maraqlanır, onların ev şəraitində məşqlərini diqqətdə saxlayırıq. Əsas məqsəd də ondan ibarətdir ki, onlar karantində olduqları müddətdə formadan düşməsinlər. Bundan başqa idmançılarımız instaqramda və televiziya verilişlərində canlı yayıma qoşularaq xalqımıza müxtəlif idman hərəkətlərini nümayiş etdirirlər. İnanıram ki, bu məşqlər evdəqalan vətəndaşlarımız üçün də faydalıdır.


- Siz həmçinin Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin inzibati idarəetmə şöbəsinin rəisi, gömrük xidməti polkovnikisiniz. Bildiyimizə görə pandemiya dövründə çalışdığınız qurum da bu günlərdə xalqımıza xeyriyə işlərində öz dəstəyini göstərir.
- Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Bu mübarizəyə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər də qoşulublar. Bu günlərdə komitənin rəhbərliyi tərəfindən növbəti dəfə belə xeyriyyə aksiyaya keçirildi. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi və “Gömrükçü” İdman Klubunun bir qrup əməkdaşı tərəfindən 30-dan çox aztəminatlı ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib. Bir sözlə çalışırıq ki, biz də bu aksiyalardan kənarda qalmayaraq xalqımızın yanında olaq.


- Bir idmançı və gömrük xidməti polkovniki kimi xalqımıza nə tövsiyyə edərdiniz?
- Əvvəla qeyd edim ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki bütün bunlar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimum şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onlara riayət etməyə çalışmalıdır. Azərbaycan güclü dövlətdir və öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. İnanıram ki, həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını alacaq. Həmçinin xalqımıza demək istərdim ki, səbirli olsunlar və evdə qaldıqları müddətdə fiziki sağlamlıqlarının qeydinə qalmaq üçün mütləq idman etsinlər.
                                                                     

                                                                              Azər Əlizadə