Hər il olduğu kimi, 2013-cü ildə də idmançılarımız qazandıqları uğurlarla azarkeşləri sevindiriblər. Təmsilçilərimizin müxtəlif idman növləri üzrə qazandıqları nailiyyətlər respublikamızın beynəlxalq aləmdə nüfuzunu qaldırmaqla yanaşı, ölkəmizin idman tarixində də özünəməxsus iz buraxıb. 2013-cü ilin yaddaqalan idman nailiyyətlərindən birinə boksçularımız imza atıblar. Beynəlxalq arenalarda ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan dəri əlcək ustalarımız Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar.
Bundan başqa, yeniyetmə və gənc boksçularımız Rusiya, Özbəkistan, Qazaxıstan, Ukraynada keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış edərək onlara bəslənilən etimadı doğruldublar. Rinq ustalarımızı qarşıda daha ciddi sınaqlar gözləyir. Avqust ayında Hollandiyada gənclər arasında keçiriləcək Avropa çempionatı və Qazaxıstanda böyüklər arasında təşkil olunacaq dünya çempionatı ilin əsas yarışlarından hesab olunur.
Boks idman növü diqqət və qayğı ilə əhatə olunub
Qeyd edək ki, son illərdə boks ölkəmizdə yüksək səviyyədə inkişaf etdirilir. 2009-cu ildə Azərbaycan Boks Federasiyasının rəhbərliyinə Kəmaləddin Heydərovun gəlişindən sonra bu sahədə əsaslı dəyişikliklər həyata keçirildi. Bu gün federasiya rəhbərliyi tərəfindən paytaxtla yanaşı, respublikamızın bölgələrində də bu idman növünün inkişafına yüksək səviyyəli diqqət və qayğı göstərilir. Bölgələrimizdə müasir standartlara cavab verən boks zalları tikilərək idmançıların istifadəsinə verilib. Təsadüfi deyil ki, Londonda keçirilən Olimpiya oyunlarında təmsilçilərimizin əldə etdikləri 10 medaldan (2 qızıl, 2 gümüş, 2 bürünc) ikisi məhz boksçularımızın payına düşdü. Dəri əlcək ustalarımızdan Teymur Məmmədov (74 kq) və Məhəmmədrəsul Məcidov ( 91 kq) bürünc medala layiq görüldülər.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev federasiya rəhbərliyi tərəfindən boksun inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndirir: "Federasiyanın məqsədyönlü fəaliyyəti nəticəsində uğurlarımız, nailiyyətlərimiz çoxdur. Fərəhli haldır ki, Azərbaycan Boks Federasiyasının rəhbərliyi tərəfindən Qəbələdə güclü təlim-məşq bazası yaradılıb. Sumqayıt, Dəvəçi, Gəncə, Şəmkir, Astara, Lənkəran və Şirvanda boksçularımız üçün ideal şərait var. Paytaxt idmançıları isə öz ustalıqlarını "Neftçi” və "Rabitəçi”nin məşq zallarında artırırlar”.
Gərgin mübarizədə 10-cu dəfə ölkə çempionluğu
Qeyd etdiyimiz kimi, boksçularımız bu ilə də uğurla başlayıblar. Onlar 2013-cü ilə öz güclərini ölkə çempionatında sınamaqla başladılar. Sözsüz ki, ilin əvvəli olduğundan keçirilən ölkə çempionatının ən güclü boksçuların seçimi baxımından böyük əhəmiyyəti var idi. Yanvarın 7-dən 12-dək "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil edilən yarışda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən klub və cəmiyyətlərdən 216 boksçu mübarizə apardı. Gərgin mübarizə şəraitində keçən yarışlarda təcrübəli boksçularımızla yanaşı, gənc boksçularımız da öz qüvvələrini sınadılar. Təcrübəli boksçularımızdan 2007-ci ilin dünya çempionatında bürünc medal qazanan Samir Məmmədov, ötən il Neft Ölkələrinin Dünya Kubokunda 3-cü olmuş İlkin Ağayev, 19-22 yaşlılar arasında Avropa çempionatının qalibi Elvin İsayev, gənclər arasında dünya çempionu Şaban Şahpələngov, London Olimpiadasının iştirakçısı Vətən Hüseynli, gənclər arasında Avropa çempionu Rauf Rəhimov, Olimpiya oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov kimi boksçular qüvvələrini sınayırdılar. Yarışların gərgin keməsinə baxmayaraq, bir sıra yeni boksçular öz sözlərini deməyi bacardılar. Bunlardan qızıl medal qazanan Rauf Rəhimov, Tural Əhmədovu və gümüş medal əldə edən Münasib Məmmədovu qeyd etmək olar.
Ümumi hesabda "Rabitə” 1-ci, "Neftçi” 2-ci, "Qızıl əlcək” isə 3-cü yeri tutdu. Qeyd edək ki, yığmanın əsas özülünü təşkil edən "Rabitə” klubu 10-cu dəfə ölkə çempionu oldu. Boks üzrə yeniyetmələrdən ibarət yığmanın və "Rabitə” idman klubunun baş məşqçisi Rasim Məmmədov klubun idmançılarının budəfəki ölkə çempionatında ümidləri doğrultduqlarını bildirmişdi: "Sevindirici haldır ki, bu dəfə də "Rabitə” idman klubu ümumi hesabda ölkə çempionu adını qazandı. Xatırladım ki, 1997-ci ildən 2002-ci ilədək "Təhsil”RİM-də boks üzrə baş məşqçi işləmişəm. 2003-cü ildən isə "Rabitə” idman klubunda boks üzrə məşqçisi kimi çalışıram. Bu illər ərzində cəmi bir dəfə komandamız ümumi hesabda çempion ola bilməyib və "Neftçi”İSM-in boksçuları bizi keçiblər. Qalan 15 ildə keçirilən ölkə çempionatlarında komanda hesabında qalib adını qazanmışıq. Budəfəki ölkə çempionatında da "Rabitə” idman klubunun boksçuları ümidləri doğrultdular. Bizim əsas məqsədimiz yığma komandaya layiqli idmançılar yetişdirmək, Avropa və dünya çempionatlarında ölkəmizi layiqincə təmsil edəcək idmançıları hazırlamaqdır. Budəfəki ölkə çempionatında hər çəkidə layiqli idmançılar var idi. Bütün klublar çox yaxşı işləyirlər və çalışırlar ki, idmançıları rəqib komandaların təmsilçilərinə ciddi müqavimət göstərsinlər. Klublar nə qədər güclü idmançılar yetişdirsələr, yığma komanda da bir o qədər güclü olacaq. Hazırda ölkə çempionatında qüvvələrini sınayan idmançılar vaxtilə yeniyetmələrdən ibarət yığmanın tərkibində yer alıblar. Sirr deyil ki, yeniyetmə idmanı olmasa, böyük idman da olmaz. Bizim də əsas işimiz böyüklərdən ibarət yığma üçün idmançılar yetişdirməkdir”
Federasiyanın vitse-prezidenti Ağacan Abiyev ölkə çempionatında fərqlənən idmançıların çıxışlarını belə qiymətləndirmişdi: "Boksçuların çıxışlarını qənaətbəxş hesab etmək olar. Qeyd edim ki, ölkə çempionatı gərgin keçdi. Hətta bir neçə gənc boksçumuz yığmanın keçmiş üzvlərini medaldan məhrum etdi. Ölkə çempionatında çıxış edən idmançıları Olimpiya oyunlarının gələcək iştirakçıları və mükafatçıları sırasında görə bilərik. Amma bu barədə danışmaq hələ tezdir. Olimpiya çempionu adını qazanmaq üçün idmançılarımız öz üzərlərində çox işləməlidirlər”.
Böyüklərdən ibarət yığmanın məşqçisi Nəriman Abdullayev ölkə çempionatında fərqlənən idmançıları növbəti illərdə gələcəyin Olimpiya çempionları qismində gördüyünü demişdi: "Ölkə çempionatı ilin əvvəlində ən güclü idmançıları müəyyən etmək məqsədi daşıyır. Bu yarışda yığmanın bir sıra tanınmış idmançıları çıxış etdi. Onlardan Heybətulla Hacəliyev, Slman Əlizadə, Tamerlan Abdullayev, Elvin İsayev, Samir Məmmədovun adlarını qeyd edə bilərəm. Burada gənclərdən böyüklərə yeni keçən idmançılar da qüvvələrini sınadılar. Komandanın gənc idmançılarından Araz İmaməliyev, Münasib Məmmədov, Elnur Süleymanov, Eldar Quliyev, Sübhan Abbasov yaxşı döyüş nümayiş etdirdilər. Rauf Rəhimov yığmanın təcrübəli üzvü Vətən Hüseynli üzərində qələbə qazandı. İnanıram ki, bu idmançılar qarşıdakı yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlar. Gənc boksçuları gələcəyin Olimpiya çempionları qismində görürəm”.
Gənclərdən ibarət yığmanın baş məşqçisi Şamil Əlimzanov gənc dəri əlcək ustalarımızın gələcək perspektivlərini yüksək qiymətləndirmişdi: "İlk növbədə, onu deyim ki, budəfəki ölkə çempionatında gənc boksçularımız uğurla çıxış etdilər. Gənc idmançılar təcrübəli boksçulara ciddi müqavimət göstərdilər. Gənclərdən böyüklərə keçmiş Rauf Rəhimov, Tural Əhmədov çempion adını qazandılar. Münasib Məmmədov ikinci olsa da, yaxşı döyüş nümayiş etdirdi. İnanıram ki, bu idmançılar qarşıdakı yarışlarda ümidləri doğruldacaqlar. Qeyd edim ki, bu ilin əsas yarışı avqust ayında Rotterdamda keçiriləcək Avropa çempionatı olacaq. Əsas məqsədimiz gənclərimizin bu yarışda uğurlu çıxışıdır”.
2013-cü il boksçularımız üçün uğurla başlayıb
May ayında Rusiyanın Xabarovsk şəhərində keçirilən Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə ölkəmizi təmsil edən 5 boksçudan üçü mükafatçılar sırasına düşüb. 56 kq çəki dərəcəsində çıxış edən Tural Əhmədov yarımfinalda rusiyalı Vyaçeslav Mirzəyevi məğlub etdikdən sonra həlledici görüşdə Qazaxıstan təmsilçisi Kayrat Yeraliyevlə qarşılaşıb. İki xal fərq (8:10) uduzan Əhmədov gümüş mükafata sahib olub. "Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev də (91 kq) Xabarovskdan gümüş medalla dönüb. Boksçumuz finalda rusiyalı Şamil Mataşevə 7:13 hesabı ilə məğlub olub. Super-ağır çəkidə yarışan Aleksandr Babiç də yalnız finalda uduzub. O, yarımfinalda hindistanlı Kumar Satişi üstələyib - 16:7. Babiç finalda London Olimpiadasının bürünc mükafatçısı İvan Dıçkoya (Qazaxıstan) müqavimət göstərməyə çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib - 3:9. Qeyd edək ki, komandamızın heyətində iki boksçu - İlkin Ağayev (60 kq) və Rafiq Əliyev (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
İyun ayında Qazaxıstanın Kostanay şəhərində keçirilən Seul Olimpiadasının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə həsr edilmiş yeniyetmələr arasında boks turnirinə yekun vurulub. Yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib. Qazaxıstana yollanan 10 boksçumuzdan altısı vətənə medalla dönüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümid Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) 3-cü yerlə kifayətləniblər.
Gənc idmançılarımız isə iyun ayında Ukraynanın Berdıçev şəhərində keçirilən Kliçko qardaşlarının şərəfinə gənclər arasında ənənəvi boks turnirində çıxış ediblər. Sayca 14-cü olan yarışda Azərbaycan milli komandası 1 gümüş və 4 bürünc medalın sahibi olub. 91 kq çəki dərəcəsində mübarizə aparan Sadıq Səmədov finala vəsiqə qazansa da, zədələndiyindən Qazaxıstan təmsilçisi Maqzan Bazarbaya qarşı döyüşə bilməyib. 81 kq çəki dərəcəsində hər iki bürünc medal Azərbaycana gəlib. Rahil Məmmədli və Emil Mövsümzadə turniri 3-cü yerdə başa vurublar. Hidayət Musayev də (69 kq) bürünc medalla kifayətlənməli olub. Super-ağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov da yarımfinalda uduzaraq, 3-cü yeri tutub. Beləliklə, millimiz 1 gümüş və 4 bürünc medalla ümumkomanda hesabında 6-cı olub. Ukrayna 1-ci, ABŞ komandası isə 2-ci nəticəni göstərib.
Ən böyük uğur Avropa çempionatında əldə olunub
Mayın 30-dan iyunun 9-dək Belarusun paytaxtı Minskdə boks üzrə Avropa çempionatı keçirilib. Yarışda milli komandamızın üzvü Məhəmmədrəsul Məcidov finalda rusiyalı Sergey Kuzminin məğlub edərək qızıl medala layiq görülüb. Avropa çempionu Teymur Məmmədov finalda rusiyalı Aleksey Yeqorova məğlub olaraq gümüş medala sahib çıxıb.Komandamızın iki üzvü - Elvin Məmişzadə və Salman Əlizadə Avropa çempionatının bürünc medalına layiq görülüblər. Qitə çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan boksçularımız ümumi hesabda Rusiya, İrlandiya və Ukraynadan sonra 4-cü yeri tutublar.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev boksçularımızın builki yarışlarda qazandıqları nəticələri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu ilin əsas uğuru Azərbaycan boksçularının Avropa çempionatında əldə etdikləri nailiyyətdir: "Bu il boksçularımızın ən yüksək uğuru Avropa çempionatında əldə olundu. Boksçularımız qitə çempionatında bir qızıl, bir gümüş, 2 bürünc medal əldə etdilər. Avropada komandamız 4-cü yeri tutdu. Azərbaycan kimi kiçik ölkə üçün Avropada dördüncü olmaq böyük nəticədir və biz bu nəticə ilə fəxr edirik. Onu da nəzərə almaq lazımdır ki, boksçumuz Elvin Məmişzadəyə qarşı qitə çempionatında çox böyük haqsızlıq oldu. Yoxsa o, daha yüksək uğur qazana bilərdi. Çempionatda Rusiya, Ukrayna, Macarıstan, Fransa İtaliya kimi güclü boks ölkələri çıxış edirdilər. Düzdür, 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında bizim nəticəmiz daha yaxşı olmuşdu. Komandamızın üzvləri 2 qızıl, 1 bürünc medal qazanmışdılar. Belarusda keçirilən Avropa çempionatındakı nəticədə çox uğurludur. Bu il yeniyetmə və gənclərdən ibarət komandamız bir neçə beynəlxalq yarışda iştirak edərək, yaxşı nəticələr göstəriblər. Boksçularımız Rusiyada, Özbəkistan, Qazaxıstan, Ukraynadakı yarışlarda uğurla çıxış ediblər. Avqust ayında Hollandiyada gənclər arasında Avropa çempionatı olacaq. Əsas yarışlardan biri də Qazaxıstanda böyüklər arasında keçiriləcək dünya çempionatıdır. Qeyd edim ki, komandamızın dünya çempionatında uğurlu çıxışı onların reytinq xallarının artırılmasına kömək edəcək. Bu isə, sözsüz ki, Olimpiya oyunlarının püşkatması zamanı idmançıların çıxışına öz təsirini göstərəcək”.
Əsas diqqət I Avropa Oyunları və yay Olimpiya oyunlarına yönəlib
Ağacan Abiyev boks üzrə keçiriləcək Avropa və dünya çempionatlarından başqa federasiya rəhbərliyinin əsas diqqətinin 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına və 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq yay Olimpiya oyunlarına yönəldiyini nəzərə çatdırdı: "Ən böyük məqsədimiz boksçularımızın I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında uğurla çıxış etmələridir. Yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Qeyd edim ki, hər il Azərbaycan çempionatı keçirilir. Bu çempionatda birinci yeri tutan idmançılar yığma komandanın heyətinə cəlb olunaraq yarışlara hazırlaşırlar. 2014-cü ildə keçiriləcək Azərbaycan çempionatı 2015-ci ildə təşkil olunacaq Avropa Oyunlarına idmançıların seçimi baxımından böyük əhəmiyyət daşıyacaq. Ölkə çempionatında seçilən idmançılar Avropa oyunlarına hazırlıqlara başlayacaqlar. Qeyd edim ki, boks üzrə Avropa Oyunlarına təsnifat yarışları olmayacaq. Bu yarışlarda hər ölkə öz komandası ilə iştirak edəcək. Olimpiya oyunlarına gəlincə, I Avropa Oyunlarının Rio-de-Janeyro-2016-ya təsnifat xarakterli yarışlardan biri olması çox yaxşı olardı. Avropa Oyunları təsnifat xarakteri daşıyarsa, yarışda ilk dörd yeri tutan idmançılar Avropa qitəsindən olimpiadada iştirak etmək şansı qazana bilər. Olimpiadaya lisenziya verən digər bir yarış isə dünya çempionatı ola bilər. Qeyd edim ki, Olimpiya Oyunlarında boks üzrə yarışlarda hər çəkidə 25-26 idmançının iştirakına icazə verilir. Məsələn, qitə oyunları lisenziya xarakteri daşıyarsa, Avropa, Asiya, Amerika qitələrinin oyunlarında hər boksçuya 4 yer, Afrikaya 2, Okeaniyaya isə 1 lisenziyanın verilməsi mümkündür. Qalan 10 lisenzyianın sahibi isə dünya çempionatında müəyyənləşə bilər. Biz Avropa Oyunlarının Olimpiya oyunlarına lisenziya xarakteri daşıması ilə bağlı Beynəlxalq Həvəskar Boks Federasiyasına müraciət etmişik”.
Qeyd edək ki, Beynəlxalq Həvəskar Boks Federasiyası (AİBA) bugünlərdə yeni reytinq cədvəlini açıqlayıb. Sevindirici haldır ki, boksçularımızdan bir neçəsi qazandığı nəticələrə görə dünya reytinqində ilk üçlüyə daxil edilib. Dəri əlcək ustalarımız Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) reytinq cədvəlində ilk üçlüyə düşüblər. Dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məcidov bütün rəqiblərini qabaqlayaraq, 2750 xalla siyahıya başçılıq edir. Teymur Məmmədov isə yalnız ukraynalı Aleksandr Usikdən geri qalaraq, 2-ci yeri tutur. Digər boksçularımızdan ən yaxşı göstərici Minskdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanmış Elvin Məmişzadəyə (52 kq) məxsusdur. Millimizin üzvü 1000 xalla cədvəldə 6-cı pillədədir. Qeyd edək ki, yalnlz iki çəki dərəcəsində - 75 kq və 81 kq-da boksçularımızdan heç biri ilk "otuzluğa” düşməyib.
Aysel Sultanova