Azərbaycan Basketbol Federasiyası (ABF) "Sərkərdə" klubunda çıxış etmiş Nikolae Kojuharinin saxlanılmasına münasibət bildirib.
ABF-in icraçı direktoru Vüqar Əzimov moldovalı oyunçunun Azərbaycan Super Liqasında cəmi iki ay çıxış etdiyini bildirib. V.Əzimov 28 yaşlı idmançının ümidləri doğrultmadığı üçün göndərildiyini söyləyib: "Kojuhari "Sərkərdə"də çempionatın start götürdüyü ötən ilin oktyabrından dekabrın sonlarınadək çıxış etdi. Lakin o, ümidləri doğrultmadığı üçün komandadan kənarlaşdırıldı".
Federasiya rəsmisi Kojuharinin narkotik bitki satdığı üçün saxlanılması xəbərinin onlar üçün gözlənilməz olduğunu əlavə edib.
Qeyd edək ki, Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində daha iki nəfərlə birlikdə saxlanılıb. Onlar 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunurlar. Azərbaycan Super Liqası aprelin 3-də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb və "Zirvə" (Astara) komandası çempion elan edilib. "Sərkərdə" isə 19 oyundan 28 xalla 8 komanda arasında 5-ci yeri tutub.