Avarçəkənlərimiz dünya çempionatında iştirak edirlər

Avarçəkənlərimiz dünya çempionatında iştirak edirlər


Almaniyanın Lints şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı keçirilir. Azərbaycan Milli Avarçəkmə Federasiyasından verilən məlumata görə 52 ölkədən 811 idmançının iştirakı ilə keçirilən dünya çempionatında Azərbaycan da təmsil olunur.
Məlumat üçün bildirək ki, ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (BM1X) yürüşdə qızıl medal qazanmış Aleksandr Aleksandrov artıq böyüklər kateqoriyasında çıxış etdiyindən Lintsdəki dünya çempionatında iştirak etmir. Ən güclülərin yarışında ölkəmizin idman şərəfini 5 avarçəkənimiz təmsil edir.
1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) 2000 metr məsafəyə yürüşdə Fərid Saadov yer alıb. Bu kateqoriyada hamıdan çox - 28 avarçəkən öz gücünü sınayacaq. İdmançımız 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında ilk dəfə çıxış edəcək.
İkinəfərlik sükansız qayıqla (BM2-) yürüşdə İqor Luçiç - Luka Dordeviç dueti mübarizə aparacaq. Bu cütlük 2009-cu ildə Serbiya yığmasının üzvləri kimi yeniyetmələr arasında dünya çempionu olub. 2011-ci və 2012-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatlarında isə onlar 4 nəfərlik qoşa avarlı qayıq (BM4X) ekipajının tərkibində qızıl medala sahib olublar.
Nəhayət, yeniyetmələr arasında son Avropa çempionumuz Boris Yotov İvan Antovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (BM2X) çıxış edəcəklər. Onlar qələbə uğrunda 16 ölkədən olan duetlə yarışacaqlar. Yotov-Antov cütlüyü daha əvvəl böyüklər arasında Avropa çempionatına qatılıb.
Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq.