“Zorakılıq heç kimə kömək etmir”

“Zorakılıq heç kimə kömək etmir”

Amerikan qarışıq stil döyüşçüsü (MMA) Çak Liddel ABŞ-da etirazçıları sakitləşdirmək üçün küçəyə çıxıb. Keçmiş UFC çempionu iğtişaş iştirakçılarına yaxınlaşaraq, onları dinc nümayişlər keçirməyə razı salmağa çalışıb. Onun sözlərinə görə, indi insanlar biri-birinə kömək etmək əvəzinə, şəhərləri dağıdır və başqalarına zərər verirlər. “İnsanların şəhərimizin müdafiəsinə çıxmasını görmək xoşdur. Amma anlamaq lazımdır ki, şiddət şiddət doğurur. Zorakılıq heç kimə kömək etmir. Hər birimiz olanların qorxunc olduğunu bilirik. Bunu görmək həqiqətən də dəhşətlidir”, - deyə idmançı bildirib.
Ç.Liddel UFC çıxışları ilə tanınır. O, ağır çəkidə çempion kəmərinə sahibdir və titulunu dörd dəfə müdafiə edib. Təşkilatdan ayrıldıqdan sonra isə Çak Liddel UFC-nin şöhrət zalının üzvü olub.
Qeyd edək ki, iğtişaşlar, vandalizm və polisə hücumlarla müşayiət olunan etirazlar ABŞ-ın onlarla şəhərində hökm sürür. Buna səbəb isə Minneapolis şəhərində qaradərili mühafizəçi Corc Floydun kobud şəkildə həbs edilməsi zamanı vəfat etməsidir.