Toni Ferqüson hədəfini açıqladı

Toni Ferqüson hədəfini açıqladı

Mütləq Döyüş Çempionatının (UFC) amerikalı döyüşçüsü Toni Ferqüson UFC-nin iki çəki dərəcəsində keçmiş çempionu irlandiyalı Konor Makqreqor ilə döyüşmək niyyətində olduğunu bildirib.
T.Ferqüson bu barədə “Instagram” səhifəsində yazıb.
Qeyd edək ki, iyunun 7-də 31 yaşlı irlandiyalı döyüşçü öz “Twitter” səhifəsində karyerasını bitirdiyini elan edib. K.Makqreqor bundan əvvəl də iki dəfə oxşar bəyanatla çıxış edib.
UFC prezidenti Dana Uayt isə bu yaxınlarda irlandiyalı döyüşçünün rusiyalı Həbib Nurməhəmmədov - amerikalı Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini açıqlamışdı.
Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə rusiyalı Həbib Nurməhəmmədov arasında keçirilən qarşılaşmada irlandiyalı döyüşçü məğlub olub.
Konor Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə qazanıb, 4 dəfə məğlub olub.
Otuz altı yaşlı T.Ferqüsonun aktivində isə 25 qələbə, 4 məğlubiyyət var.