ABŞ döyüşçüsü Con Cons orta ağır çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionluğundan imtina edib.
Bu barədə idmançı özünün “Twitter” səhifəsində məlumat yayıb.
O, UFC rəhbərliyi ilə bununla bağlı telefon danışığının olduğunu və rəsmi şəkildə çempionluq titulundan imtina etdiyini bildirib.
C.Cons UFC-yə qayıtmağa hazır olduğunu, ancaq yalnız ağır çəkidə mübarizə aparacağını da vurğulayıb: “UFC ilə sonuncu dəfə maaşım barədə danışığım müsbət nəticə vermədi. Əgər bununla bağlı nəsə dəyişiklik olarsa, məmnuniyyətlə qayıdıb ağır çəki dərəcəsində mübarizə aparacağam”.
MMA döyüşçüsü ilə UFC-nin prezidenti Dana Uayt arasında problem yaranıb. Belə ki, o, ağır çəkidə reytinq ikincisi olan Fransis Nqannu ilə döyüşmək istəsə də, UFC rəhbəri bu qarşılaşmanı təşkil etməkdən imtina edib. D.Uaytın sözlərinə görə, C.Cons bu döyüş üçün 30 milyon dollar qonorar tələb edib.
Qeyd edək ki, 32 yaşlı döyüşçü çəki dərəcəsindən asılı olmayaraq UFC reytinqində birinci yerdədir. O, karyerası ərzində keçirdiyi 27 döyüşdən 26-da qələbə qazanıb.
Döyüşçü UFC çempionluğundan imtina etdi