Azərbaycan Avropa Velosipedçilər Birliyinin (UEC) Direktorlar
Komitəsinin növbəti iclasında təmsil olunub. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, UEC Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov və qurumun Rusiyadan olan vitse-prezidenti Aleksandr Qusyatnikov iclasa videokonfrans rejimində qoşulublar.
Müzakirələr zamanı qeyd olunub ki, COVID-19 pandemiyası
səbəbindən idmanın bütün növlərində olduğu kimi, velosiped idmanında da beynəlxalq yarış təqviminin ciddi dəyişikliyə məruz qalması mötəbər qurumların rəhbərlərini vəziyyətdən çıxış yolu axtarmağa sövq edir.
Bununla əlaqədar Avropa Velosipedçilər Birliyi 2020-ci ilin təqvim
planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkilində məcburi dəyişikliklər etmək məcburiyyətində qalıb. Tədbirdə Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsinin planlaşdırıldığı, eləcə də bir sıra digər məsələlər nəzərə alınaraq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının yerinin dəyişdirilməsi məsələsi ciddi müzakirə olunub.
Bundan başqa, gələn ilin martında Danimarkada keçiriləcək Avropa
Velosipedçilər Birliyinin Konqresi, qurumun prezidenti vəzifəsinə və
Direktorlar Komitəsinin üzvlüyünə yeni seçkilərlə bağlı fikir mübadiləsi aparılıb.
AzVİF-in birinci vitse-prezidenti S.Ələkbərov iclasda çıxış edib.
Avropa çempionatının yeri dəyişdirilə bilər