Azərbaycan akademik avarçəkəni Boris Yotov 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 17 yaşlı idmançımız bu uğura Litvanın Trakay şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında imza atıb.
Bir nəfərlik qayıqda (JM1x) yarışan Yotov yarımfinalda finişə hamıdan əvvəl çatıb. İdmançımız 2000 metr məsafəyə yürüşdə 7 dəqiqə 12,34 saniyə nəticə göstərib. Sonrakı iki yeri serbiyalı Andriya Slyukiç və kubalı Orlando Sotolonqo tutublar. Qaydalara əsasən, ilk üç yeri tutan idmançılar finala vəsiqə qazanıblar. Həlledici yürüş avqustun 11-də olub.
Qeyd edək ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı bir nəfərlik qayıq yarışlarında ilk altılığa düşən idmançılar qazanırlar. Beləliklə, Boris Yotov yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən ilk azərbaycanlı akademik avarçəkən kimi idman tarixinə düşüb.