Hazırda bütün dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır. İdman yarışlarının fasilədə olması idmançıların da işini çətinləşdirib. Lakin karantin qaydalarına riayət etməklə sağlamlığın qorunması əsas şərt hesab olunur. İndiki məqamda bütün dünyada olduğu kimi, ölkəmizdə də idmançılarımız karantinə uyğun hərəkət edirlər. «Olimpiya dünyası» qəzeti belə məqamda da ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarımızı diqqətdən kənarda qoymur. Onlarla əlaqə saxlayıb, karantin dövründə idmançıların həyat tərzi ilə yaxından maraqlanır.
Qəzetimizdə yer alan «Bizim müsahibə» rubrikasının budəfəki qonağı əslən Ukraynadan olan qadın cüdoçumuz İrina Kindzerskadır. "Olimpiya dünyası” qəzetinə müsahibə verən idmançımız öz ailəsindən, idman karyerasından, bacarıqlarından və digər məqamlardan danışdı.
Dünya və Avropa çempionatlarının bürünc, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı, 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarının bürünc mükafatçısı olan ağır çəkili cüdoçumuz ilə olan səmimi müsahibəni oxucularımıza təqdim edirik.
- İrina, gəlin söhbətimizə lap əvvəldən başlayaq. Bizə biraz idmanda atdığınız ilk addımlardan danışın.
- 13 yaşım olanda ailəmlə birgə Ukraynanın Kamenes Podolski şəhərindən Dunaevsi şəhərinə köçdük. Burada yeni məktəbə yazıldım. Qeyd edim ki, həmin vaxtı orta məktəblə yanaşı, həm də musiqi məktəbinə gedirdim. Kiçik yaşlarımdan iri uşaq olduğum üçün yaşıdlarımdan fərqlənirdim (gülür). Buna görə də, mənə ilk olaraq musiqi müəlliməm nəzər yetirdi. Müəlliməmin həyat yoldaşı cüdo üzrə məşqçi işləyirdi. Məsləhət bildi ki, idmanla məşğul olum. Bunun üçün həyat yoldaşı ilə məsləhətləşdi. Məşqçi təklif etdi ki, onun işlədiyi idman zalına gedib, məşq prosesinə baxım. Elə ilk gündən cüdo məni özünə çox cəlb etdi. Qərar verdim ki, idmanla məşğul olum. Beləliklə, musiqi müəlliməmin həyat yoldaşı Mudrik Kostantin Mixayloviç mənim ilk məşqçim olub.
- Musiqi məktəbində hansı bölmə üzrə təhsil alırdınız?
- Musiqi məktəbində fortepiano dərsləri alırdım. Düzdür, yuxarı siniflərdə həm məktəb dərslərimi, həm idman məşqlərimi, həm də musiqi dərslərimin öhdəsindən gəlmək mənə biraz çətinlik yaradırdı. Lakin buna baxmayaraq, məktəbin ən yaxşı tələbələrindən biri kimi qırmızı diploma layiq görüldüm.
- Maraqlıdır, kiçik yaşlarından musiqi ilə məşğul olduğunuz halda, bir anda musiqiyə tamami ilə zidd bir sahəyə, idmana keçməyə özünüzdə necə cəsarət tapdınız?
- Düzdür, musiqi ilə məşğul olmağı çox sevirdim. Lakin cüdo ilə tanış olduqdan sonra demək olar ki, bütün düşüncələrim dəyişdi. Düşünürdüm ki, cüdo üzrə məşqlərim lazımi səviyyədə olmasa və bu məndə alınmasa, yenidən musiqiyə qayıda bilərəm. Bundan sonra mən özümü idmana həsr etmək qərarına gəldim.
Musiqi müəlliməm biləndə ki, mən idmanı seçdim, çox təəssüfləndi. Çünki o,mənim musiqi konservatoriyasına daxil olacağımı düşünürdü.
- Qrafikinizin sıx olmasına baxmayaraq, heç olur ki, özünüz və ya yaxınlarınız üçün fortepianoda ifa edəsiniz?
- Fortepianom valideynlərimin evindədir. Əlbəttə ki, onlara qonaq gedəndə musiqi ilə məşğul olduğum vaxtları yad edib, fortepiano arxasına keçirəm və nəsə ifa etməyə cəhd edirəm. Təbii ki, çox şeyləri unutmuşam. Bacarığını və istedadını daha da təkmilləşdirmək üçün idmanda olduğu kimi, musiqidə də mütəmadi məşqlər tələb olunur.
- Ailənizdə necə, sizdən başqa idmanla peşəkar səviyyədə məşğul olan var?
- Atam və anamın da idmana qarşı böyük sevgisi olub. Belə ki, onlar da məktəb vaxtlarında həvəskar şəkildə idmanla məşğul olublar. Atam ağırlıqqaldırma, anam isə atletika üzrə yarışlarda məktəbin idman şərəfini qoruyub. Lakin məktəbi bitirdikdən sonra valideynlərim idman karyeralarını peşəkar şəkildə davam etdirməyiblər. Məndən on ay böyük bacım da idmanla məşğul olmayıb. Kiçik yaşlarından arıq və cılız olduğu üçün atam ona idmanla məşğul olmağa icazə vermirdi. Buna səbəb isə onun tez-tez zədələnməsi, aldığı zərbələrdən sonra sınıqların yaranması idi.
- Necə hesab edirsiniz, peşəkar idmançı ailəsində doğulmayan biri olaraq, sizə idmanda uğur qazanmağa nə kömək etdi?
- Mən uşaqlıqdan başladığım hər bir işi sona çatdırmağı öyrənmişəm. Çalışmışam hər yerdə birinci olum. Ola bilər ki, mənə bütün işlərimdə dəstək olan və yolun yarısında təslim olmamağı öyrədən valideynlərim güc verib. Ümumiyyətlə deyim ki, mən hər zaman məqsədyönlü biri olmuşam. Çalışmışam ki, başladığım hər biri işi uğurlu başa çatdırım.
- Həyat yoldaşınızın azərbaycanlı olduğunu bilirik. O necə, hazırda idman sahəsində fəaliyyət göstərir?
- Həyat yoldaşım Həmid Əliyev sambo və cüdo ilə məşğul olub. Tanışlığımız da məhz idman sahəsindən yaranıb. O, bir çox beynəlxalq yarışların mükafatçısı olub və sambo üzrə idman ustasıdır. Lakin bir müddət əvvəl karyerasını bitirib və hazırda cüdo üzrə uşaqlara məşqçilik edir.
- Bəs elə anlar olub ki, yarışdan əvvəl sizi həyat yoldaşınız məşq etdirsin?
- Həyat yoldaşım mənə hər zaman dəstək olur. O, hətta mənimlə yanaşı dayanıb, məşq edir. Mən, həyat yoldaşım və məşqçim hər yarışdan sonra mütləq etdiyim səhvləri birgə müzakirə edirik. Növbəti dəfə eyni səhvləri təkrarlamamaq üçün nə etməli olduğumu müəyyənləşdiririk. Bir sözlə, mən bu işdə tək deyiləm.
- Hansı ölkə cüdoçuları ilə görüşdən əvvəl çox həyəcanlanırsınız?
- Bu Yaponiya və Kuba təmsilçiləridirlər. Mənim çıxış etdiyim çəkidə onlar yarışların favoriti hesab olunurlar. Bundan əlavə mənim onlarla şəxsi prinsipim var (gülür).
- Yarışdanəvvəl nə barədə düşünürsünüz? Ailəniz, qələbələriniz və ya məğlubiyyətiniz? Tatamidə sizə döyüşməyə güc verən amil nədir?
- Bu mənim sirrimdir (gülür). Hər bir yarışda müxtəlif olur.
- İdman karyeranızda ən uğurlu nəticə və ən təsirli uğursuzluq hansı olub?
- Uğurlu nəticə kimi, 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında qazandığım bürünc medalı xatırlayıram. Uğursuzluq deyəndə isə, 2012-ci ildə Londonda təşkil olunan XXX Yay Olimpiya Oyunlarında tutduğum 5-ci yeri qeyd edə bilərəm. Həmin qarşılaşmada mən bürünc medalı əldən verdim.
- Azərbaycan millisinin üzvü olmağa necə qərar verdiniz?
- Sizə qısa, belə danışım. Azərbaycan millisinə +78 kq çəki dərəcəsində cüdoçu tələb olunurdu. Həmin vaxt da mən artıq Həmidlə ailə həyatı qurmuşdum. Hər bir amili nəzərə alaraq, məhz Azərbaycan millisinin şərəfini qorumaq qərarına gəldim.
- Bəs yığmaya gəldiyiniz ilk günlərdə hansı çətinliklərlə üzləşdiniz?
- Bu qərarı verdikdən sonra çox həyəcan keçirirdim. Belə ki, yeni komanda, fərqli danışıq dili, bunların öhdəsindən necə gələcəyimi düşünürdüm. Lakin elə ilk günlərdən komanda yoldaşlarım məni çox doğma və səmimi qarşıladılar. Demək olar ki, komandanın əksəriyyəti rus dilini bilir. Buna görə də, həmin vaxtlar mənə ünsiyyət qurmaq və komanda yoldaşlarımla səmimi münasibət yaratmaq elə də çətin olmadı. Üçüncü yer uğrunda mübarizə apardığım zaman komanda yoldaşlarım həm qızlar,həm də oğlanlar kənardan məni səsləyərək, mənə böyük dəstək verirdilər. Bu, həqiqətən də, mənə çox xoş təsir bağışladı. Etiraf edim ki, bizim əla komandamız var.
- Bakıya mütəmadi olaraq gəlirsiniz. Azərbaycan dilində danışa bilirsiniz?
- Azərbaycan dilində sadə sözləri və ifadələri bilirəm. Düşünürəm ki, bir müddət Azərbaycanda qalsam, danışıqları anlayaram və tez bir zamanda öyrənərəm. Yavaş-yavaş danışanda söhbətin nədən getdiyini başa düşürəm. Ancaq danışmaq mənim üçün biraz çətinlik yaradır. Həyat yoldaşım və onun ailəsi rus dilində bildikləri üçün məndən tez bir zamanda Azərbaycan dilini öyrənmək tələb olunmur. Lakin buna baxmayaraq, bu dili öyrənməyə çalışıram. Çünki hesab edirəm ki, idmançı şərəfini qoruduğu dövlətin dilini mütləq şəkildə bilməlidir. Azərbaycan dilində ifadələrdən isə "Salam, necəsən?”, "neynirsən?”, "Mənim adım İradır”, "Mənim 29 yaşım var”, "Çox sağol”, "pis”, "yaxşı”, "biraz bilirəm”, "qapını açmaq”, "bağlamaq”, "sevirəm” – kimi bu və ya digər sözləri bilirəm. Həmçinin 1-dən 100-ə qədər saymağı və rəngləri bilirəm. Bir neçə ifadələri də bilirəm, sadəcə olaraq hamısını eyni anda xatırlaya bilmirəm.
- Bir Azərbaycan vətəndaşının həyat yoldaşı olaraq, Azərbaycan mətbəxindən hansı yeməkləri hazırlamağı bacarırsınız və hansı yeməkləri sevirsiniz?
- Mən Azərbaycan mətbəxinin bir çox yeməklərini hazırlamağı bacarıram. Ailəm üçün dolma, şah plov, çığırtma, bozbaş (bozartma) bişirmişəm. Hətta qayınanamla paxlava da hazırlamışam. Yeri gəlmişkən, mənim çox yaxşı qayınanam var. O, mənə bilmədiklərimi öyrədir. Azərbaycan mətbəxindən sevdiyim təamlar isə dolma və şordur.
- Azərbaycan xalqının ən vacib adət-ənənələrindən biri olan toylarda iştirak etmisiniz? Toyların adət-ənənəsi sizə necə təsir bağışlayıb?
- Mənim öz toyum Azərbaycanda olub. Mən bütün adətləri öz üzərimdə hiss etdim. Azərbaycan toyları mənə çox fərqli və maraqlı təsir bağışladı. Əsas amillərdən biri də toyda həddən artıq çox insanın iştirakı idi. Ukraynada isə qonaqların sayı az olur.
- Bəs hansı Azərbaycan bayramlarını bilirsiniz?
- İslam aləmin də ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı mənə maraqlı gəlir. Bilirəm ki, bu bayramda qoyun kəsib, ehtiyacı olan insanlara paylayırlar. Bu, çox təsirli və gözəl məqamdır. Həmçinin Novruz bayramında səməninin cücərdilməsini çox bəyənirəm.
- Necə hesab edirsiniz, uzun müddət davam edən karantin sizi, biraz da olsa, arxayınlaşdırmayıb?
- Təbii ki, yarışların olmaması insana biraz qeyri-adi gəlir. Lakin mən özümə arxayınlaşmağı icazə vermirəm. Çünki bilirəm ki, daha sonra yenidən hazırlıq səviyyəmə qayıtmaq mənə ikiqat çətin olacaq.
- Noyabr ayında Çexiyanın paytaxtı Praqada Avropa çempionatının keçirilməsi gözlənilir. Uzun müddət davam edən karantindən sonra bu sizin ilk yarışınız olacaq. Hazırlıq səviyyənizi necə qiymətləndirirsiniz?
- Mən mütəmadi məşq edib yarışların başlamasını gözləyirəm. Nəzərə alsaq ki, Olimpiya Oyunlarına lisenziya şansım çoxdur, Avropa çempionatı mənim üçün yoxlama məqsədi daşıyacaq. Təbii ki, uzun fasilədən sonra özümə yüksək nəticə qazanmağı məqsəd qoymuşam.
- İdmandan əvvəl musiqi ilə məşğul olduğunuzu qeyd etdiniz. Karyeranızı bitirdikdən sonra yenidən musiqi ilə məşğul olmaq istərdinizmi?
- Hazırda mənim 29 yaşım var. Karyeramı bitirdikdən sonra ailəm və gələcək övladlarım ilə məşğul olmaq istəyirəm. Təbii ki, gələcəkdə övladlarıma musiqi dərsi verə biləcəyim ehtimalı da var (gülür).
- İrina xanım, maraqlı və səmimi söhbətə görə təşəkkür edirik.
- Mən sizə təşəkkür edirəm ki, belə bir məqamda biz idmançıları diqqətdə saxlayırsınız.
Türkay Niftəliyeva