Azərbaycanın şosse velosipedi üzrə elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyədə keçirilmiş 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğula çıxış edib. Federasiyanın mətbuat xidmətindən “Olimpiyadunyasi.com” saytına verilən xəbərə görə,“Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan E.Əsədov birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat 11 dəqiqə 26 saniyəyə qət edərək reytinqinə 25 xal əlavə edib. Yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında iştirak edən yığmanın digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov nail olub. O, 78 velosipedçi arasında 18-ci olub.