Azərbaycan əsgərinin gəlişinə sevinən Qarabağ torpağı

Azərbaycan əsgərinin gəlişinə sevinən Qarabağ torpağı

 

Hümbət Həsənoğlu:
“ Uzun illərdir ki, biz bu milli birliyi arzu edirdik.
Artıq o da reallaşdı”


1988-ci ilin fevral ayının 22-dən başlayan Qarabağ müharibəsi 32 il idir ki, səngimək bilmir və 1994-cü ildən atəşkəs elan olunsa da, zaman-zaman ermənilər cəbhə bölgələrində həmvətənlərimizə güllə atıb, onlara xəsarət yetirir və insanlarımız da şəhid olurdular. Hətta həmin vaxtlardan yaradılan Minsk qrupu Amerika, Rusiya və Fransanın həmsədrliyi ilə həmişə birtərəfli mövqe tutub, həyasızcasına ermənilərə köməklik edirdilər. Onların yeganə bir məqsədi vardı: “Nəyin bahasına olursa-olsun Qarabağı bütövlükdə ermənilərə vermək”. Artıq 32 il gözləyən xalqımız toparlandı və 2020-ci ilin sentyabr ayının 27-dən Qarabağda erməni təxribatçılarına çox layiqli cavablar verməyə başladı. Az bir vaxtda döyüş bölgələrində üstünlüyü ələ keçirdi və düşmənə layiqli cavab verməklə bir neçə yaşayış məntəqələrimizi, döyüş üçün çox vacib olan bir sıra strateji yüksəklikləri ələ keçirdi. Rəşadətli əsgərimiz, Suqovuşanda erməni bayrağını bir əsgi kimi kənara atıb, orada üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. Bu gün də rəşadətli ordumuz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbəyə doğru çox inamla irəliləyir. Deməli, tezliklə üç rəngli bayrağımızı Şuşada, Xankəndidə ucaldacağımız günlərə çox az qalıb. Bütün bu xoş xəbərləri eşitdikcə bütövlükdə xalqımız sevinc göz yaşları ilə bir-birini salamlayır. Bax biz, bu sevinci necə də böyük ümidlə gözləyirdik.
Biz əvvəllər də 2016-cı ilin aprel və 2020-ci ilin iyul ayında da ermənilərlə üz-üzə gəlib, onlara layiqli cavablar vermişdik. Amma həmin vaxtı bəzi super güclü ölkələr bizə imkan vermədi ki, döyüşlərimizi uğurla davam etdirək. Artıq bütün bunlardan cana doyan Azərbaycan xalqı Ali Baş Komandanımızın rəhbərliyi ilə yenidən döyüşləri bərpa etdi. Artıq bu döyüş də bizim Qarabağda Böyük Vətən Müharibəmiz hesab olunur. Və çox sevindirici haldır ki, xalqımız arasında çox böyük milli birlik yaranıb və bir millət olaraq iqtidar da, müxalifət də bir yumruq kimi birləşərək, düşmənə layiqli cavablar verir. Bu müharibədə xalq arasında çox böyük ruh yüksəkliyi var. Hamı arxa cəbhədə olan cavanlarımızı döyüş bölgələrinə yüksək əhval-ruhiyyə ilə yola salır. Xalqımızın bu böyük əhval-ruhiyyəsini qoruyub saxlaması üçün bu gün ziyalılarımızdan, ağsaqqallarımızdan daha çox şey tələb olunur. Onlar özlərinin böyük düşüncəsi, müdrik ağlı ilə bu gün ön cərgədə olmalıdırlar. Xalqımızı qələbələrə daha çox ruhlandırmalıdırlar. Artıq xaricdə yaşayan azərbaycanlılar da, yaşadıqları ölkədə böyük yürüşlər keçirməklə Azərbaycanın yanında olduqlarını lazım olan şəkildə göstərirlər.
Bu müqəddəs işdə də ziyalılar öndə getməli və xalqı öz ardınca aparmalıdırlar. Bu gün Azərbaycanın tanınmış ziyalılarından biri də, tanınmış göz həkimi, yazıçı-publisist, yüzə yaxın hekayənin, novellanın, iki mindən çox aforizmin müəllifi Hümbət Həsənoğludur. Biz onunla bu döyüşlərlə bağlı fikirlərini öyrənmək istədik.

- Hümbət müəllim, sentyabr ayının 27-dən başlayan xalqımızın böyük coşğu ilə öz torpaqları uğrunda apardığı Böyük Vətən Müharibəsi haqqında bir ziyalı kimi nə deyə bilərsiniz?
- Siz bilirsiniz ki, 32 il bundan qabaqkı dövrdə xalqımız erməni təxribatçıları ilə müharibə apardığı bir vaxtda, həmvətənlərimizin əlində olan ov tüfənglərini, evlərində olan bütün kəsici alətləri belə Sovet rəhbərləri yığdırmışdılar. Həmin vaxt biz Sovetlər Birliyi olan bir ölkənin, imperiyanın tərkibində idik. Moskvada olan havadarlarının köməkliyi ilə ermənilərə çox böyük üstünlük verilmişdi. Həmin vaxtı SSRİ müdafiə naziri Qraçov idi. Onun anası da erməni idi. Eləcə də baş katib, başıboş Mixail Qorbaçov və arvadı Raisa da erməniləri müdafiə edirdi. Hətta həmin vaxtı Yakovlev Ermənistana gedib, onlara tapşırıqlar verirdi ki, Qarabağı götürün. Biz də həmin vaxtı Sovetlər Birliyinin rəhbərliyinə inanırdıq ki, onlar bizi müdafiə edəcəklər və ermənilər heç nə edə bilməyəcək. Belə dəhşətli haqsızlıq da ola bilməz. Qarabağ bizimdir və bizim də olacaq. Tezliklə hamı öz evinə, öz ocağına qayıdacaq və haqq-ədalət öz yerini tapacaq. Beləliklə, Moskvada oturan rəhbərlər Qarabağdan istifadə edib, SSRİ-ni məhv etdilər. Həmin bombanın da fitili Sumqayıt oldu. Çünki Qarabağ hadisələrini bir sumqayıtlı kimi Sumqayıt hadisələrindən ayırmaq istəmirəm. Bilirsiniz ki, Ermənistan dövlətini I Pyotrun vəsiyyəti ilə ruslar yaradıb. SSRİ də keçmiş Rus dövlətinin bir forması idi. Onlara da Erməni dövləti Zaqafqaziyada çox lazım idi. Ruslar Qarabağı almaqla ikinci bir erməni dövləti yaratmaq istəyirdilər. Bizim millət də bu 32 ili çox səbirsizliklə gözləyirdi ki, onlara bir şans verilsin və torpağımızın qisasını ala bilsinlər. Nəhayət elə bir imkan yarandı. Siz bilirsiniz ki, elə son vaxtlar ermənilər nəinki Qarabağdan, hətta Ermənistandan da silahlardan istifadə edib, dinc əhalimizi qətlə yetirirdilər. Elə bu ilin iyul ayındakı Tovuz hadisələri buna canlı misaldır. Və biz başa düşdük ki, elə bizim öz torpaqlarımızdan - Qarabağdan da, Ermənistandakı torpaqlarımızdan da bizə mərmilər atırlar. Bunu da dünyanın super güc dövlətləri adi bir iş kimi qarşılayırlar. Amerikanın, Rusiyanın və Fransanın rəhbərlik etdiyi Minsk qrupu da bunu adi bir hal kimi baxırdılar. Ermənilərə bu vəhşi hərəkətlərinə görə heç nə demirlər. Axı bu necə ola bilər? Burada hansı məntiq var? Artıq görün ermənilər necə azğınlaşdılar ki, sentyabr ayının 27-də səhər saat 6-da bizimlə qeyd-şərtsiz müharibəyə başladı. Ali Baş Komandanımız da əmr verdi və bizim ordu da əks-hücuma keçdi. Elə bir gündə 7 kəndi düşmənlərdən azad etdik. Artıq indi xeyli kənd də ermənilərdən azad olunub. Sevinirəm ki, mənim doğma yurdum Cəbrayıl şəhəri, bir neçə kəndi və bizim ata ocağımız Quycaq kəndi də ermənilərdən azad edilib. Bu, məni sevincdən kövrəldir. Bu gün də əks-hücumlarımız böyük uğurla davam edir. Mən də qətiyyətlə əminəm ki, biz sona qədər vuruşub, torpaqlarımızı ermənilərdən tam azad eləyib, tezliklə Xankəndidə, Şuşada və işğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızı ucaldacağıq. Bu qələbə heç də uzaqda deyil. Əsas odur ki, xalqımız Prezidentin ətrafındadır. Onun qətiyyətini dəstəkləyirlər. Hətta Madagizə yenidən əvvəlki adının, cənab Prezidentimizin əmri ilə Suqovuşan adının qaytarılması hamının ürəyincə oldu. İnanıram ki, erməni işğalından azad etdiyimiz bütün kəndlərimizə onların əvvəlki adları qaytarılacaq. Cənab Prezident İlham Əliyev bir neçə gün bundan qabaq yaralıların yanında oldu. Onlarla xoş söhbətlər apardı. Yaralıların da ilk sözü o oldu ki, tezliklə sağalıb, cəbhəyə qayıtmaq istəyirik. Deməli, belə igid oğullarımız erməniləri tezliklə darmadağın edəcəklər. Tez-tez cəbhə bölgələrindən də göstərilən kadrlarda əsgərlərimizin böyük coşqulu əhval-ruhiyyəsi hamımızı sevindirir. Mən hesab edirəm ki, xalqımızda olan bu böyük ruh yüksəkliyinin qarşısında erməni tab gətirə bilməyəcək. Çünki atalarımızın da belə gözəl məsəli var: “El bir olsa, dağ oynadar yerindən”. Bəli, xalqımız birdir. Möhkəm milli birlik yaranıb. Uzun illərdir ki, biz bu milli birliyi arzu edirdik. Artıq o da reallaşdı.

- Çox yaxşı vurğuladınız ki, bu gün xalq yüksək əhval-ruhiyyədədir və böyük milli birlik var. Bir ziyalı həkim, yazar kimi sizin arzularınız nədir?
- Mən başa düşürəm ki, bu müharibədir və biz şəhidlər verəcəyik. Azadlıq uğrunda canını fəda edən şəhidlərimizin, həmvətənlərimizin valideynlərinə Allahdan böyük səbr diləyirəm və bağsağlığı verirəm. Mən bir şeyi demək istəyirəm ki, Çanaqqala döyüşündə türklərlə birlikdə iki mindən çox azərbaycanlı da iştirak edib. Həmin döyüşdə də çoxlu əsgərlər şəhid olmuşdular. Onların çoxunun anaları Atatürkün yanına gəldilər. Böyük Atatürk onlara bir neçə söz söylədi və sonda isə belə dedi: “Siz yenə oğul doğa biləcəksiniz. O oğulları böyüdəcəksiz. Amma torpaq doğmaq mümkün deyil”. Əlbəttə, mən də istəmirəm ki, bizim övladlarımız şəhid olsun. Çünki mən də atayam, babayam. İstəmərəm belə şey olsun. Amma axı biz 32 ildir ki, torpaqlarımızı azad etmək üçün səbrlə gözləyirdik. İstəyirdik ki, düşmənlərimiz torpaqlarımızı sülh yolu ilə qaytarsınlar. Amma onlar, təkcə düşmənlərimiz yox, onların havadarları belə bizim səbrimizi zəiflik kimi qəbul etdilər. İndi Azərbaycan oğlu öz sözünü döyüş meydanında deyir və düşmənə nəyə qadir olduğunu sübut edir.

- Qondarma Dağlıq Qarabağın pulu olmaya-olmaya bu qədər silah-sursat onlarda haradandır? Belə dəhşətli, milyonlar xərclənən səngərləri hansı pulla düzəldiblər?
- Səngərdə Azərbaycan əsgəri ilə erməni əsgəri üz-üzədir. Erməni başa düşür ki, bura onun öz torpağı deyil. Belə olduqda onun nə təpəri, nə motivasiyası, nə də özünə inamı var. O, səngərdə oturub, Nikol Paşinyanı söyür ki, “Axı sən məni bura niyə salıbsan? Axı bu torpaqda mən niyə olmalıyam?” İndi təsəvvür edin ki, həmin torpağın yiyəsi erməni qəsbkarlarını oradan qovur. Çünki bu torpağın yiyəsi, həmin torpaqdan güc alır. Bəli. Bizim əsgərlərimiz Vətən torpağından güc alır. Amma erməni o torpaqdan güc ala bilmir. Çünki o torpaq erməniyə yaddır. O torpaq onu qəbul edə bilmir. O torpaq sevinir ki, nəhayət Azərbaycan əsgəri gəlib, öz yurdunu düşməndən azad edir. O torpaq onun ayağının səsinə, nəfəsinə sevinir. Min illər ərzində eşitdiyi danışığına sevinir. Bax, ermənilər bunun qarşısında dayana bilərmi? Xeyr. Heç vaxt dayana bilməz. Ona görə də eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun Azərbaycan xalqına! Mən elə bu gün yazdığım aforizmlə fikrimi davam etdirmək istəyirəm və deyirəm: “Hamı olsa tən, basılmaz Vətən”.
Burada bir fikrimi də xüsusi vurğulamaq istəyirəm. Dövlətin, dövlət olması üçün bütün atributları ilə yanaşı, bir şərt də çox vacibdir. Yəni hər bir xalqın qələbə günü olmalıdır. Təəssüf ki, heç də bizim xalqların belə qələbə günü yoxdur. İnanıram ki, bu müharibənin sonunda biz belə bir günü əldə edəcəyik. Yəni vuruşaraq, qələbə günümüzü tarixə yazacağıq. Bax bu qələbə günü xalqımızın qürur, iftixar, özünə inam hissini özümüzə qaytaracaq. Həmin gün də xalqımızın tarixində Qələbə Günü kimi əbədi qeyd olunacaq.


 

Ağalar İdrisoğlu,
Əməkdar incəsənət xadimi