Vətən müharibəsinin qazisi: “Ölümü bir neçə saniyə qabaqlayıb, sağ qaldım”

Vətən müharibəsinin qazisi: “Ölümü bir neçə saniyə qabaqlayıb, sağ qaldım”

Azərbaycan xalqı dözümlülüyü, mərdliyi və şərəfi ilə hər zaman seçilib. Vətəninin hər bir qarışı üçün gözünü belə qırpmadan canını verən, xalqının mənəvi azadlığı uğrunda hər an döyüşə hazır olan vətənpərvər igidlərin yurdunda yaşamaq hər birimiz üçün qürurvericidir. Məhz belə qəhrəman oğullarımız sayəsində, doğma Qarabağımız düşməndən azad edildi. "Olimpiya dünyası” qəzeti olaraq, bu yazımızda oxucularımızı Vətən müharibəsində şücaətlə vuruşub yaralanan igidlərimizdən biri ilə tanış edəcəyik. Qəhrəmanımız "N” saylı hərbi hissənin əsgəri Elbrus Qəhrəmanlıdır.


Elbrus 1997-ci il sentyabrın 3-də Bakı şəhərində dünyaya gəlib. Məktəb illərində hər zaman fəallığı ilə seçilən qazimiz, idmana da maraq göstərib. O, bir müddət idmanın sərbəst güləş növü ilə məşğul olub. 2014-cü ildə 87 saylı orta məktəbi bitirən Elbrus, 2015-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Qazimiz 2017-ci ilin aprel ayında xidmətini şərəflə başa vuraraq, evinə qayıdıb. Lakin tale elə gətirir ki, Elbrus yenidən hərbi formanı geyinməli olur. İkinci Qarabağ Müharibəsinin qazisi ilə olan müsahibəmizi oxucularımıza təqdim edirik.

-Vətən müharibəsinin başlanması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Əslində bu xəbər bizim üçün gözlənilməz olmadı. Çünki hər birimiz bilirdik ki, doğma torpaqlarımız əvvəl-axır ya sülh, ya da müharibə yolu ilə azad olunacaq. Ona görə də, bu xəbəri sevinclə qarşıladım. Aprel döyüşlərinin iştirakçısı olduğum üçün mənə də tezliklə çağırış gələcəyini gözləyirdim. Nəhayət, sentyabrın 30-da çağırış gəldi və böyük şərəflə vətənimin köməyinə getdim.


- Hansı ərazilərin azad olunması əməliyyatlarında iştirak etdiniz?

- Əvvəlcə Füzuli istiqamətində irəlilədik. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. İllərin torpaq həsrəti, düşmənə olan nifrət hissi bizə əlavə güc, qüvvət verirdi. Elə bu güclə Füzulinin düşmən tapdağından azad edilməsi əməliyyatında iştirak etdik. Daha sonra Hadrut tərəfə istiqamətləndik. Bir yumruq olub düşməni məhv edərək, üçrəngli bayrağımızı Hadrutda dalğalandırdıq. Azad etdiyimiz hər bir qarış torpaq bizdə böyük qürur və fəxr hissi yaradırdı. Hadrutdan sonra Cəbrayıl və Xocavənd istiqamətində yola düşdük. Ordumuz burada da öz gücünü göstərdi və həmin əraziləri düşməndən təmizlədi. Növbəti məqsədimiz isə Qarabağın incisi olan Şuşada bayrağımızın dalğalanması idi. Çox təəssüf ki, noyabrın 3-də Şuşakənd deyilən ərazidə yaralandım. Bizim briqadanın əsas məqsədlərindən biri də Laçın dəhlizini ələ keçirmək, düşmənə silah və qidanın gəlişinin qarşısını almaq idi. Təbii ki, bunu ən yüksək səviyyədə yerinə yetirdik və düşməni hər tərəfdən məhv olunmasına nail olduq.

- Yaralanma anını necə xatırlayırsınız?

- Şuşanın yaxınlığında yerləşən Şuşakənd deyilən ərazidə olan yüksəkliyə qalxdıq. Təxminən 20 dəqiqə sonra düşmən müxtəlif istiqamətdən bizə atəş açmağa başladı. Qarşımızda düşmənin 3, arxa tərəfdə isə 2 tankı var idi. Düşmən müxtəlif silahlarla bizə hər bir yandan atəş açırdı. Elə həmin an mühasirəyə düşdüyümüzü anladıq. Hətta səngərə irəlilədiyim vaxtda düşmən atəşinə məruz qaldım. Lakin atılan güllələrin heç birinin mənə dəyməməsi həqiqətən də, bir möcüzə oldu. Hətta səngərə keçmək istədiyim vaxt oraya qumbaranın düşdüyünü gördüm. Ölümü bir neçə saniyə qabaqlayıb, sağ qaldım. Döyüşə başladığımız andan təxminən bir saat sonra isə yaralandım. Belə ki, avtomatın darağını dolduran zaman dizimə güllə dəydiyini hiss etdim. Əlimi dizimə vurdum və əvvəlcə güllənin ayağıma dəyib keçdiyini düşündüm. Etiraf edim ki, həmin an heç kim ayağını, qolunu, ümumiyyətlə, özünü düşünmürdü. Hər birimizin məqsədi düşməni məhv etmək və həmin yüksəkiliyi ələ keçirmək idi. Buna görə də, dizimə dəyən gülləyə əhəmiyyət verməyib yenə də döyüşməyə davam etdim. Həmin anda isə daha bir düşmən gülləsinin başımdakı dəbilqəyə dəyərək havaya qalxdığını hiss etdim. Bir neçə dəqiqə sonra isə bizimlə yüksəkliyə qalxan həkim dizimi müayinə etdi və düşmən gülləsinin sol dizimdə qaldığını bildirdi. Ayaq üstə dayanmaqda çətinlik çəkirdim. Biz oradan təxliyyə olunanda artıq səhər açılırdı.

- Bəs həkimlər hazırki vəziyyətinizlə bağlı nə deyirlər?

- Güllə sol diz qapağımın altında, baldır sümüyümdə qaldığı üçün ayağımı rahat şəkildə yerə basmaqda və açıb-bağlamaqda çətinlik çəkirəm. Əməliyyatın fəsadları çox olacağı üçün həkimlər bir qədər ehtiyat edirlər. Ümumi reabilitasiya müddətinin təxminən 2 ay olacağını deyirlər. Hələ ki, müəyyən vaxtdan bir müayinə üçün xəstəxanaya gedirəm. Bir sözlə, yaralandığım gündən bu günə qədər düşmən gülləsini dizimdə gəzdirirəm. Bundan əlavə bir az yaddaşımla əlaqədar problemlər yaşayıram. Buna səbəb isə yaxınlığımda baş verən mərmi partlayışlarıdır..

- Yaralanma xəbərini ailə üzvlərinizə kim verdi?

- Yaralanma xəbərimi ailəmə özüm çatdırdım. Hadrut istiqamətində yaralı əsgərlərin təxliyəsi üçün hospital var idi. Məni ilk olaraq oraya gətirdilər, ilkin yardım göstərdilər. Daha sonra Füzuliyə aparacaqlarını bildirdilər. Ümumiyyətlə, qeyd edim ki, istər həkimlər, istərsə də tibb bacıları bizə böyük səbr və qayğı ilə xidmət edirdilər. Noyabrın 4-də axşam saatlarında atama zəng edib yaralandığımı və Füzuliyə göndəriləcəyimi dedim. Noyabrın 5-də Füzulidəki hospitalda qaldım. Daha sonra Şirvan şəhərinə və sonda Bakıya göndərildim.

- Ümumiyyətlə, döyüşçü ruhu vacib amillərdən biridir. Maraqlıdır, Siz bunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, döyüşmək üçün insanda güc və ruh-yüksəkliyi olmalıdır. Erməni əsgərində bu amillərin heç biri olmadığı üçün ən güclü silah belə onları əsl döyüşçü edə bilməz. Düşmənin dəfələrlə postlarını tərk edib, qaçdıqları olub. Hər bir insanda fiziki gücdən əlavə insani hisslərinin də olması vacibdir. Ən çətin anlarda belə əsgərlərimiz yoldaşlarını tərk etmədilər. Əsgərlərimiz çiynində yaralı döyüş yoldaşı olduğu halda, döyüşməyə davam edirdilər. Lakin ermənilər heç vaxt yaralı əsgər yoldaşlarını döyüş meydanından çiynində aparmayıblar. Hər biri yalnız özünü düşünüb, canını qurtarmaq fikrində olurdu.

- Müharibədə iştirak etdiyiniz müddətdə elə an oldumu ki, bir daha ailə üzvlərinizi görməyəcəyinizi düşündünüz?

- Düzünü desəm, yaralanandan sonra həmin hissləri keçirdim. Çünki döyüşün qızğın anında hospitala gedə bilməyəcəyimi anladım. Beləliklə, axşam saat 10-dan səhərə qədər qan itirərək, qaldım. Bir sözlə, sağ qalmağım möcüzə oldu. Düşmənin texnikası məhv ediləndən sonra buradan sağ çıxa biləcəyimizə ümid yarandı. Mənim oradan enməyimə hərbçi yoldaşlardan biri kömək etdi. Düzdür, həmin anda da düşmənlər bizə həm snayper, həm də digər silahlardan atəş açırdılar, güllələr tam başımızın üstündən keçirdi. Buna görə də, tez bir zamanda oradan enməli idik. Mənə kömək edən əsgər yoldaşım Elşən Babayevə: "Məni burada buraxıb gedə bilərsən” - dedim. Çünki mənə kömək etdiyinə görə, o, yavaş-yavaş irəliləyirdi. Lakin o, təkidlərimə baxmayaraq, məni tək buraxmadı. Bir sözlə, deyə bilərəm ki, həyatda sağ qalmağımı ona borcluyam. Həqiqətən, qürurvericidir ki, düşmən gülləsinə baxmayaraq, heç kəs yanındakı yoldaşını döyüş meydanında tərk etmədi. Həmin an azərbaycanlı olmağın nə demək olduğunu bir daha dərk etdim.

- İstərdik bir qədər də həmin yüksəkliyə necə qalxmağınız barədə danışasınız.

- Yüksəkliyə yalnız piyada qalxmaq mümkün idi. Soyuğa və şaxtaya məhəl qoymadan irəliləyirdik. Çünki bizim bir məqsədimiz var idi, strateji yüksəkliyi ələ keçirmək və vəziyyətə nəzarət etmək. Həmin əraziyə heç bir texnikanı qaldırmaq mümkün olmadığı üçün biz özümüzlə yalnız qumbara və əl silahları götürdük. Hər birimizin gözünü sanki qan bürümüşdü və ən qısa müddətdə 30 ilin heyfini çıxıb, torpaqlarımıza yeni nəfəs vermək istəyirdik.

- Düşmənin həmin ərazidə tank və digər texnikalarının sizi gözlədiyini bilirdiniz. Yalnız əl silahları ilə hücuma keçmək sizi qorxutmurdu?


- Əlbəttə ki, hər birimiz insanıq və hər kəsdə olduğu kimi, bizdə də narahatlıq hissi var idi. Bu da düşmənimizi tanıdığımız və onlardan hər bir hiyləgərlik gözləməyimizdən irəli gəlirdi. Hündürlüyə qalxanda ermənilərin orada olmadığını gördük. Əvvəlcə buna çox təəccübləndik. Yavaş-yavaş orada yerləşməyə başladıq. Lakin təxminən 20 dəqiqədən sonra düşmən hücuma keçdi. Onlar bizi tələyə salmaq üçün bir müddət yüksəklikdən kənara çəkilmişdilər. Lakin nə qədər texnikasız, əl silahları ilə döyüşə getsək də, düşməni darmadağın etdik. Düzdür, müharibədə silah, tank və digər texnikaların olması çox önəmlidir. Amma ən əsası əsgərlər arasında birlik, yüksək əhval-ruhiyyə və haqq yolunda aparılan döyüş anlayışının olmasıdır.


- İştirakçısı olduğunuz İkinci Qarabağ müharibəsində Sizi ən çox sarsıdan hadisə hansı oldu?

- Günlərlə çiyin-çiyinə döyüşdüyümüz, çörəyimizi böldüyümüz, biri-birimizi düşməndən qorumağa çalışdığımız yoldaşların yaralanması, şəhid olması bizə çox ağır təsir edirdi. Bunlardan ən çətin qəbul edilən isə baş leytenant, tağım komandirimiz Əvdil Quliyevin şəhidlik zirvəsinə ucalmasıdır. Belə ki, komandirimiz əsgərlərə su gətirmək üçün neytral əraziyə getmişdi. Lakin heç bir qaydaya əməl etməyən ermənilərin atəşi nəticəsində Əvdil Quliyev şəhadətə ucaldı. Ona yardım üçün gedən mayorumuz da amansız düşmənin snayperdən açdığı atəş nəticəsində gözündən vurularaq şəhid oldu. Həmin dəqiqələr hər birimiz üçün çox ağır və sarsıdıcı idi. Bu hadisədən sonra sözlə ifadə olunmayacaq hirslə, qəzəblə tez bir zamanda onların qisasını almağa can atırdıq.


 
 
"Yaralanandan sonra atama dedim ki...”


- Düşmən tapdağında olan torpaqlarımıza uzun illərdən sonra ilk ayaq basan hərbçilərimiz oldu. Heç düşünürdünüz ki, bu şərəfə layiq olanlardan biri də Siz olarsınız?

- Düzünü desəm, işğal olunan torpaqlarımızın sülh və ya müharibə yolu ilə gec-tez azad olunacağına inanırdım. Çünki Qarabağ bizim əzəli torpağımızdır və hər kəs bilirdi ki, biz vaxt gələcək doğma vətənimizə qayıdacağıq. Lakin etiraf edim ki, bu tarixi hadisədə şəxsən iştirak edəcəyimi düşünmürdüm. Fəxr edirəm ki, tarixin bir parçası olmaq mənə də qismət oldu. Bu, həqiqətən də çox qürurvericidir. Qeyd edim ki, yeniyetmə vaxtlarımda rayonlara səyahət etməyi çox sevirdim. Atam həmin vaxtlar mənə Azərbaycanın Qarabağ kimi gözəl diyarının olduğunu, bir gün o bölgəyə də səyahət edəcəyimi demişdi. Yaralanandan sonra atam məni xəstəxanadan çıxarmağa gələndə, atama dedim ki, xatırlayırsan, mənə belə sözlər demişdin. Nəhayət, mənə Qarabağı görmək qismət oldu.


- Qeyd etdiniz ki, hərbi xidmətdə olduğunuz vaxt aprel döyüşlərinə təsadüf edib.

- Düzdür, aprel döyüşləri hərbi xidmətdə olduğum vaxt ilə üst-üstə düşdü. Azərbaycan Ordusunun general-mayoru Mais Bərxudarovun rəhbərliyi altında dörd günlük döyüşlərdə iştirak etməyim mənim üçün böyük bir şərəf oldu. Döyüşlərdə kəşfiyyatçı qismində vuruşurdum. Böyük həyəcan və qürur hissi ilə strateji yüksəklik olan Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlı kəndinin azad edilməsi əməliyyatlarında iştirak etdim. Bu səbəbdən Vətən müharibəsində artıq bir qədər təcrübəyə sahib idim.

- Qələbə xəbərini hospitalda eşitdiniz. Elə bir şəxs var idimi ki, bu xəbəri onunla bölüşmək, qeyd etmək istəyirdiniz?

- Bu xəbəri eşidəndə sözlə ifadə edilməyəcək sevinc hissi yaşadım. Qələbəni müharibə vaxtı yaxın olduğum hərbçi yoldaşlarım Elşən Babayev, Orxan Bədəlov və Tərlan Qəhrəmanov ilə qeyd etmək istərdim. Onlardan birinin mənim həyatımı xilas etməsini də nəzərə alsaq, döyüş yoldaşlarımla bir can olduq desəm, yanılmaram.



- Qalib ordunun, qalib əsgəri kimi evə qayıtmaq necə bir hissdir?

- Bu, həqiqətən də çox qürurvericidir. İllərdir düşmən tapdağında olan torpaqların azad olunmasında payımın olması, xalqımızın sevincinin səbəbi olmaq çox gözəl bir duyğudur. Lakin nə qədər sevinsək də, bir gözümuz şəhidlərimiz üçün ağlayır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Çox heyif ki, onlar qazandıqları qələbəni görə bilmədilər. Amma inanıram ki, onların ruhları şaddır.

- Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının hərbi qulluqçuları medallarla təltif olundular. Bildiyimizə görə təltif olunanlar arasında Sizin də adınız var.


- Bəli, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 4 medalla təltif edildim. Əvvəlcə, "Cəsur döyüşçü” medalı ilə mükafatlandırıldım. Sonra isə "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildim. Adımı təltif olunanların arasında görmək mənim üçün sevindirici oldu.

 

Türkay Niftəliyeva