Azərbaycan kubokunun qalibləri məlumdur
Avqustun 15-18-də Ağır Atletika Akademiyasının idman zalında ağırlıqqaldırma üzrə Azərbaycan kuboku yarışları keçirildi.
Kişilər, qadınlar, yeniyetmə oğlan və yeniyetmə qızlar arasında keçirilən yarışın qalibləri "Sinkleyr” cədvəli üzrə müəyyənləşdirildi.
Yarışda paytaxtla yanaşı, respublikanın digər şəhər və rayonlarını, eləcə də klubları təmsil edən atletlər qüvvələrin sınadılar.Kişilərin mübarizəsində gənclərdən ibarət yığma komandamızın üzvü Firudin Quliyev uğurlu nəticə ilə bir daha diqqət çəkdi. Kazanda keçirilən tələbələrin Yay Universiadasının qızıl mükafatçısı Azərbaycan kubokunda da fəxri kürsünün birinci pilləsini əldən vermədi. Onunla yarışan idmançıları gəldikdə, deməliyik ki, Firudin heç də asan rəqiblərlə birlikdə mübarizəyə qoşulmamışdı. Avropa çempionu Əfqan Bayrmov da onunla birlikdə birincilik uğrunda yarışırdı. Yığma komandamızın yeni üzvü Yuri Dudoqlo və Zülfüqar Süleymanov da mükafat qazanmağa namizədlərdən idilər. Bu kateqoriya üzrə keçirilən gərgin mübarizə Azərbaycan kubokunun sıradan bir yarış olmadığını bir daha sübut etdi.
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Firudin Quliyev 70.60 132 190 322 424.8
2. Əfqan Bayramov 72.50 143 180 323 419.4
3.Yuri Dudoqlo 64.70 132 165 297 414.5
4. Zülfüqar Süleymanov 63.40 126 163 289 409.0
5. Rövşən Fətullayev 95.80 160 200 360 406.4
6. Orxan Əliquluzadə 85.40 150 187 337 400.5
Kişilərlə yanaşı, ölkə kubokunda yaşı 17-yə qədər olan - 1996-97-ci il təvəllüdlü yeniyetmə oğlanlar da yarışdılar. Bu yaş qrupunda Dadaş Dadaşbəyli "Sinkleyr” cədvəli üzrə 352,3 xalla Azərbaycan kubokunun qalibi adını qazandı. Kamran Beskov və Elşad Şərifov növbəti pillələrdə qərarlaşdılar.
1996-97-ci il təvəllüdlü yeniyetmə oğlanlar
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Dadaş Dadaşbəyli 94.30 145 165 310 352.3
2. Kamran Beskov 84.50 125 155 280 334.5
3. Elşad Şərifov 68.10 110 130 240 323.9
4. Məhəmməd Məmmədli 51.50 84 105 189 313.2
5. Vüqar Həsənov 72.00 100 130 230 299.9
6. Həmid Qocayev 73.90 105 125 260 295.3
Yeniyetmə oğlanların yarışında gərgin mübarizə hökm sürdü
Yaşı 15-ə qədər olan (1998-2000-ci il təvəllüdlü) yeniyetmə oğlanların mübarizəsi də gərgin və maraqlı keçdi. Yarışa maraq böyük olduğundan ölkə kubokunda iştirak edən atletlərin sayı kifayət qədər idi.
Belə ki, yarışda 2000-2001-ci il təvəllüdlü oğlanlar əvvəlcə B qrupunda, daha sonra eyni yaşda A qrupunda yarışdılar. Sonra 1999-cu il və 1998-ci il təvəllüdlü yeniyetmə ağırlıqqaldıranlar çıxış etdilər. Bu mərhələdən sonra qaliblər "sinkleyr” cədvəli üzrə mübarizəyə qatıldılar və Rüstəm İmanzadə birinci yerə layiq görüldü - 331,66 xal.
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Rüstəm İmanzadə 61.50 108 125 233 331.66
2. Kənan Əliquluyev 68.50 111 130 241 324.00
3. Ruslan Rzazadə 51.30 80 100 180 299.20
4. İsa Rüstəmov 48.70 73 87 160 278.00
5. Hüseyn İsmayılov 72.50 95 118 213 276.50
6. Fərid Bağırov 57.10 85 95 180 274.80
Zərif cinsin nümayəndələri də ən güclünü müəyyənləşdirdilər
Ağırlıqqaldırma üzrə Azərbaycan kubokunda zərif cinsin nümayəndələri də öz qüvvələrini sınadılar. Yaşı 15 və 17-yə qədər, həmçinin 17-dən yuxarı olan qadınlar ayrı-ayrı yaş qruplarında yarışdılar. Hər yaş qrupunun qalibləri "Sinkleyr” cədvəli üzrə müəyyənləşdirildi. Günel Əlizadə, Gülçin Əlizadə, Yuliya Derkaç çıxış etdikləri kateqoriyalar üzrə birinci yerə layiq görüldülər.
Yeniyetmə qızlar (1998 - 2000-ci il təvəllüdlülər)
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Günel Əlizadə 62.30 48 70 118 147.7
2. Sona Məmmədova 58.90 48 55 103 133.9
3. Sevər Məmmədova 36.60 29 35 64 128.4
Yeniyetmə qızlar (1996 - 1997-ci il təvəllüdlülər)
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Gülçin Əlizadə 53.30 73 88 161 225.3
2. Mərziyyə Məhərrəmova 51.40 68 87 155 223.3
3. Kseniya Vişnitskaya 60.50 71 87 158 201.7
Qadınlar
Çəkisi Birdən Təkanla Cəmi Sinkleyr
1. Yuliya Derkaç 54.80 81 98 179 245.2
2. Tatyana Varlamova 134.3 105 140 245 245.0
3. Silviya Angelova 50.80 70 93 163 237.2
4. Alyona Kiriyenko 72.60 93 110 203 232.9
5. Ləman Əhmədova 58.70 60 80 145 188.9
6. Kübra Babayeva 48.00 30 42 72 110.0
Yarışlar başa çatdıqdan sonra qaliblərə Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tərəfindən kubok, qiymətli hədiyyə və diplomlar verildi.
Yarışdan sonra:
"Turnir təşkilatçılıq baxımından yüksək səviyyədə təşkil olunmuşdu”
Hafiz Süleymanov (yarışların baş hakimi):
- Təşkil olunan bu yarış üç qrup üzrə - 15-17 yaşlı yeniyətmələr, kişilər və qadınlar arasında keçirildi. 15-17 yaş qrupu üzrə keçirilən yarışda ümumilikdə 70 idmançı birincilik uğrunda mübarizə apardı. Qadınlarda 19 böyüklər arasında isə 50 idmançı yarışdı. Turnirdə Bakı, Sumqayıt, İsmayıllı, Gəncə, Samux, Goranboy, Şamaxı, Qazax, Naxçıvan, Lerik, Lənkəran, Cəlilabad və digər şəhər və rayonların atletləri mübarizə aparırdılar. "Zirvə” idman klubunun idmançıları isə bu turnirdə geniş heyətlə çıxış edirdi. Yarış iştirakçıların böyük bir qismi məhz bu klubun idmançılarıdır. Turnir təşkilatçılıq baxımından yüksək səviyyədə təşkil olunmuşdu. Qeyd edim ki, idmançılar "Sinklyer” cədvəli üzrə yarışların qalibi adına layiq görüldülər.
"Ağırlıqqaldırmada hələ qazanılacaq qələbələr qarşıdadır”
Rizvan Rəsulov (Beynəlxalq dərəcəli hakim):
- Azərbaycan kuboku uğrunda yarış hər zaman böyük təntənə ilə keçirilib. Bu yarışlarda respublikanın ayrı-ayrı klublarının idmançıları öz bacarıqlarını nümayiş etdiriblər. Sevindirici haldır ki, qadınların yarışında çıxış edən idmançıların sayı da sürətlə artır. Bu o deməkdir ki, gələcəkdə qadın idmançılarımız əks cinsin nümayəndələri ilə birlikdə yüksək nəticələr uğrunda mübarizə aparıb, mükafat qazanacaqlar. Azərbaycan Kuboku yüksək səviyyədə təşkil olunub. Bu gün bu yarışda məşqçilər yeni idmançıların və onların bacarıqlarının şahidi oldular. Ağırlıqqaldırmada hələ qazanılacaq qələbələr qarşıdadır. Fürsətdən istifadə edib, bu yarışda əməyi olan hər bir şəxsə öz minnətdarlğımı bildirirəm.
"Azərbaycanda bu idman növü sürətlə inkişaf edir”
Asif Məmmədov (məşqçi):
- Azərbaycan kuboku uğrunda yarış gərgin və maraqlı keçdi. Hər bir idmançı burada öz qüvvə və bacarığını nümayiş etdirməyə çalışdı. Yarışın gedişatından məlum oldu ki, Azərbaycanda bu idman növü sürətlə inkişaf edir. Artıq ayrı-ayrı yığma komandaların heyətinə layiq olan yüksək bacarığa malik gənc idmançılar yetişib. Bu, biz məşqçilər üçün böyük sevincdir.
"Belə bir şəraitdən və imkanlardan yararlanmamaq mümkün deyil”
Asif Məlikov (veteran ağırlıqqaldıran):
- Yarış çox yüksək səviyyədə təşkil olunub. Bu turnir həm də buyaxınlarda keçiriləcək yeniyetmələrin yarışı üçün hazırlıq xarakteri daşıyır. Əvvəlki illərə nəzər yetirdikdə, indi atletlərimizin yüksək səviyyədə olduğunu görmək olar. Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılara hər cür şərait yaradılıb. Belə bir şəraitdən və imkanlardan yararlanmamaq mümkün deyil. Bunun üçün də Azərbacan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır atletika Federasiyasına minnətdarlığımı bildirirəm. İnanıram ki, idmançılarımız növbəti yarışlarda da bu diqqət və qayğıdan yararlanaraq ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər.
Anar Əhmədov