“Diqqətimi sona qədər qorumağa çalışdım. Qarışıq hisslər keçirirəm. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Bu yerə çatmaqdan ötrü xeyli enerji sərf etdim”. Bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirindəki qələbəsi barədə danışarkən deyib. Qrossmeyster finalda məğlub etdiyi Ermənistan təmsilçisi Levon Aronyanın yaxşı təsir bağışladığını bildirib: “Həm ilkin mərhələdə, həm də növbəti raundlarda rəqibin oyununu analiz etmişdim. Həqiqətən çox yaxşı təsir bağışlayırdı. Hər zaman yüksək səviyyəli oyun nümayiş etdirir. Bu dəfə də formasının zirvəsində idi”.
T.Rəcəbov qarşısına turnirin qalibi olmaq məqsədini qoyduğunu vurğulayıb: "Mən peşəkar şahmatçıyam. Məqsədim kimisə məğlub etmək yox, turnirin qalibi olmaq idi. Bunun üçün əlimdən gələni etdim. Dünən qızım mənə mesaj yazıb yaxşı oyuna görə təbrik etdi. Eyni zamanda həlledici qarşılaşmada uğurlar dilədi. Rəqib xüsusən ağ fiqurlarla xeyli təzyiq göstərdi. Buna baxmayaraq, sakitliyimi və dəqiqliyimi qoruya bildim. Sonuncu görüşdə nə baş verdiyini bilmirəm. Yeni il üçün əla başlanğıc oldu”.
Teymur Rəcəbov oyundan sonra keçirdiyi duyğular barədə də danışıb: “Bu mənim üçün çox önəmlidir. Yarışlar zamanı hisslərimi rəqiblərimə göstərməyi sevmirəm. Lakin qələbədən sonra emosiyalarım həddindən artıq çox oldu. Göz yaşlarımı saxlaya bilmədim”.
Qeyd edək ki, “Airthings Masters” turnirində final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, T.Rəcəbov turnirin qalibi və 60 min ABŞ dolları məbləğində mükafatın sahibi olub.