Azərbaycanın şose velosipedi üzrə elit, U-23 və gənclərdən ibarət yığma komandaları Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb. Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesində 10 idmançı iştirak edir.
Toplanışın ardından komanda üzvləri fevralın 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Elit yığmanın üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.
Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvləri Tokio olimpiadası, Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında təşkil olunacaq xeyli nüfuzlu beynəlxalq yarışda mübarizə aparmalıdır.
Yığmamız Türkiyədə hazırlığa başladı