Ağacan Əbiyev: «Əldə olunan nailiyyət sübut edir ki, Azərbaycan boksu düzgün yoldadır»

Ağacan Əbiyev: «Əldə olunan nailiyyət sübut edir ki, Azərbaycan boksu düzgün yoldadır»

Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyinə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, 41 ölkənin iştirakı ilə keçirilən yarışda milli komandamızın üzvləri 2 qızıl və 1 gümüş medal qazanıblar. Yığmamızın üzvləri Nəsrəddin Məmmədov (56 kq) və Cavid Quliyev (64 kq) çempion tituluna yiyələniblər. Məsud Yusifzadə (52 kq) isə yalnız finalda irlandiyalı rəqibinə uduzaraq, gümüş medal əldə edib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev Rotterdamda keçirilən Avropa birinciliyində Azərbaycan boksçularının çıxışını yüksək qiymətləndirdi. O, Azərbaycan boks məktəbinin düzgün yolda olduğunu gənc boksçular nəslinin yetişdiyini dedi: «Dəri əlcək ustalarımız ötən illərlə müqayisədə budəfəki Avropa birinciliyində daha yaxşı çıxış ediblər. 2009-cu ildə Polşada keçirilən Avropa birinciliyi zamanı yarışların baş hakimi idim. Həmin yarışda yığmamız 1 qızıl 4 bürünc medalla ikinci olmuşdu. 2011-ci ildə isə İrlandiyada keçirilən Avropa birinciliyində boksçularımız 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmışdılar. Budəfəki yarışda nəticə daha yaxşı oldu-2 qızıl, 1 gümüş medal. Yarışda 42 ölkə iştirak edib. Boksçularımızdan 1 dəst medal gözləyirdim. Gənclərimiz onlara bəslənilən ümidləri doğrultdular. Avropa birinciliyində iki qızıl medalın əldə olunması Azərbaycan boksunun böyük qələbəsidir. Bu o deməkdir ki, Azərbaycanda perspktivli yeniyetmə və gənclər yetişir. Əldə olunan nailiyyət sübut edir ki, Azərbaycan boksu düzgün yoldadır. Ölkəmizdə idmançılarımızın yüksək səviyyədə yarışlara hazırlıq prosesi keçmələri üçün şərait var. İdmançılarımız bu yarışa hazırlığı Lənkərandakı boks bazasında keçmişdilər.
Ağacan Abiyev bu ilin əsas yarışlarından olan dünya çempionatına da boksçularımızdan yüksək nailiyyət gözləyir: «Düşünürəm ki, Azərbaycan boksçularının uğurları hələ qarşıdadır. Bu ilin əsas yarışlarından biri oktyabrda Qazaxıstanın Almatı şəhərində kişilər arasında keçiriləcək dünya çempionatı olacaq. Hazırda idmançılarımız dünya çempionatına hazırlıq məqsədilə Qazaxıstanda iki həftəlik təlim-məşq prosesi keçirlər. Boksçularımız dünya çempionatında iki medal qazansalar, bu böyük uğur olar. Dünya çempionatında boksçularımızın əsas rəqibləri Rusiya, Ukrayna, Qazaxıstan idmançıları olacaqlar».

Aysel Sultanova