“Mərmilərin altından sağ çıxmaq möcüzə idi”

“Mərmilərin altından sağ çıxmaq möcüzə idi”



44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazdığı qələbə xalqımızın qüdrətini bütün dünyaya bir daha sübut etdi.
Bizə sevinc göz yaşları, azadlıq hissini dadmağı yaşadan rəşadətli Ordumuzun hərbçiləri arasında idmançılarımızın da olduğunu hər birimiz bilirik. İdman meydanına yalnız qələbə qazanmaq üçün çıxan idmançılarımız bu dəfə döyüş meydanına da zəfər üçün çıxdılar.
Öz səhifələrində Vətən müharibəsinə xüsusi yer ayıran "Olimpiya dünyası” qəzeti budəfəki sayında çoxsaylı oxucularını İkinci Qarabağ müharibəsinin idmançı-iştirakçısı, ehtiyatda olan zabit, topçu, artilleriya tağım komandiri Çingiz Rəhmətov ilə tanış edəcək.


Qəhrəmanımız 1995-ci il fevralın 12-də Masallı rayonunun Sığdaş kəndində anadan olub. Doğulduğu rayonda voleybol idman növünün məşhur olması onda bu növə maraq oyadır və o, məktəb yaşlarından voleybolla məşğul olmağa başlayır. Beləcə, bu idman növünə olan sevgi və istedad bir araya gələrək, onu dəfələrlə müxtəlif turnirlərin qalibi edir. Orta məktəbi müvəffəqiyyətlə bitirən idmançımız 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olur. Ali təhsil aldığı dövrdə də sevdiyi idman növü ilə məşğul olan Çingiz 2014-cü ildə ali məktəb komandasının heyətində respublika birinciliyinin qalibi adını qazanır. Onun idmanla yanaşı, hərbi sahəyə də böyük sevgisi var. Vətən müharibəsindən əvvəl 2016-ci ildə aprel döyüşlərinin də iştirakçısı olan qəhrəmanımız dörd günlük müharibədə əsl şücayət göstərərək, Talışkənd ərazisinin azad olunması əməliyyatında iştirak edib. Bu böyük sevgi onu elə həmin il aprelin 20-də zabitlik kurslarından qeydiyyatdan keçməyə sövq edir. Voleybolçumuz kursları uğurla başa vuraraq, leytenant rütbəsini alır. Daha sonra Çingiz təyinatla iki il Murovdağda qulluq edir. İkinci Qarabağ müharibəsinin iştirakçısı hərbidə xidmət etdiyi illərdə də voleybol yarışlarından kənarda qalmırdı və hər il Bakıda təşkil olunan respublika çempionatlarında iştirak edirdi. Dəfələrlə müxtəlif turnirlərin qalibi olan Çingiz Rəhmətov 2016-ci ildə komandası ilə respublika üçüncüsü adını qazanıb. 2018-ci ildə birinci liqada milli komandanın üzvü Tural Həsənlinin məşqçiliyi altında "Azəri Azal” klubunun idman şərəfini qoruyub. Bir il sonra isə o, Super Liqada yer alan "Sərhədçi” komandasının heyətində çıxış etməyə başlayıb. İdmançı döyüşçümüzlə müsahibəni sizə təqdim edirik.

- Çingiz, istərdik ki, söhbətimizə idmançı karyeranızla başlayaq. Bildiyimizə görə, hazırda "Sərhədçi” klubunun idman şərəfini qoruyursunuz. Karyeranızı bu klubla bağlamaq təsadüfidir, yoxsa hərbiyə olan sevginizdən irəli gəlir?

- Əslində, digər klublarda da çıxış etmək şansım var idi. Lakin ehtiyatda olan zabit olmağım və hərbi sahəyə olan böyük sevgim yolumu "Sərhədçi” klubuna saldı. Hər iki sahəyə böyük marağım olduğundan daim çalışmışam ki, onları bir araya gətirim. Amma təəssüf ki, 2020-ci ilin mart ayında koronavirus infeksiyası səbəbi ilə yarışlar dayandırıldı və məşqlərə də ara verdik.

- Ehtiyatda olan zabit kimi Vətən müharibəsində də iştirak etmisiniz.

- Topçu, artilleriya tağım komandiri, birinci dərəcəli ehtiyatda olan zabit olduğum üçün mənə istər təlimlərdə, istərsə də, döyüş əməliyyatlarında çağırış gələcəyini bilirdim. Sentyabrın 21-də təlimə göndərildik, beş gün sonra isə Füzuliyə yollandıq. Qızğın döyüşlərdən sonra ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşməndən azad olundu. Füzulidən sonra Cəbrayıla yola düşdük. Ümumiyyətlə, bizim əsas məqsədimiz xüsusi təyinatlı bölmələrə dəstək verməkdən ibarət idi. Yəni təyin olunmuş ərazilərə topla atəş açaraq, zərərsizləşdirdikdən sonra xüsusi təyinatlı bölmələrimiz həmin ərazilərə daxil olurdu. Beləcə, böyük fəxr və qürur hissi ilə Cəbrayılı azad etdik və sonra Hadrut istiqamətinə yollandıq. Azərbaycanın cəsarətli və qorxmaz əsgərləri Hadrutu da düşmən tapdağından azad etdilər. Sonra Tuğ kəndi (Xocavənd), Böyük Tağlar və Şuşa istiqamətinə irəlilədik.

- İşğaldan azad olunmuş ərazilər əsgərlərimizin canı-qanı bahasına bu gün bizdədir. Maraqlıdır, ən çox hansı döyüşlərdə çətinlik çəkdiniz?

- Təbii ki, hər bir döyüşün öz çətinlikləri olurdu. Lakin Şuşa şəhəri uğrunda olan döyüşləri bir qədər fərqləndirərdim. Şuşa Azərbaycanın incisidir və oranı azad etmək hər birimizin ən böyük arzusu idi. Bəlkə də bu səbəbdən Şuşaya gedən yol bizim üçün çox ağır və çətin oldu. Biz orada düz yol ilə deyil, dağ cığırları, dərə-təpə ilə irəliləyirdik. Amma çəkdiyimiz əziyyətlərə baxmayaraq, qarşımızda olan maneələri keçdik və Şuşanın kəndlərinə daxil olduq. Ağır texnikaları həmin ərazilərə qaldırmaq mümkün deyildi. Bildirim ki, topumuzun atış məsafəsi kifayət qədər idi. Buna görə də, Şuşanın kəndlərində məskunlaşıb, oradan rahat şəkildə Laçın dəhlizinə nəzarət edirdik. Əsas vəzifəmiz düşmənə gələn silah-sursat və təminatın qarşısını almaq və onları çarəsiz vəziyyətə salmaq idi. Batareyamız bunun öhdəsindən uğurla gəlirdi və xüsusi təyinatlı bölmələrdən və ya pilotsuz uçuş aparatlarından koordinatları əldə etdikdən sonra hesablamalar aparıb, həmin əraziyə zərbələr endirirdi. Şuşa şəhərinə isə Xüsusi Təyinatlı Qüvvələr və piyadalar daxil oldu. Çünki topun məhz Şuşa şəhərinə daxil olmasına ehtiyac yox idi. Buna baxmayaraq, batareyamız şəhərdən təxminən 15 km uzaqda yerləşmişdi və atəş açma məsafəsi yetərli idi. Şiddətli döyüşlərdən sonra, ordumuzun qəhrəmanlığı sayəsində Şuşa şəhəri azad edildi. Təəssüf ki, mən Şuşaya daxil olmadım. Biz oradan Böyük Tağlar kəndinə istiqamətləndik. Orada artilleriyamızı yerləşdirdik. Müharibənin bitməsinə baxmayaraq, yenə də döyüş növbəsində idik.
Düşmənlərimizi tanıdığımız üçün hər an hansısa bir hiylə ilə qarşılaşa biləcəyimizi düşünürdük. Bir müddət sonra yanvarın 9-da tərxis olunmağımla bağlı əmr verildi.

- Döyüşlər zamanı yaxın hərbçi yoldaşlarınızın şəhid olması və yaralanması yəqin ki, döyüş qabiliyyətinizə təsirsiz ötüşmürdü. Bəs belə olan halda özünüzü necə ruhlandırırdınız?

- 30 ilə yaxın idi ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altında idi. Buna görə də, həmin əraziləri azad etmək hissi keçirdiyimiz bütün hisslərə güc gəlirdi. Hər bir əsgərimiz o qədər böyük coşğu, şücaət və qisas hissi ilə doğma Qarabağımızı azad etməyə yollanmışdı və insan baxdıqca yalnız qürur duyurdu. Beləcə, bir-birmizdən və vətənə olan sevgimizdən ruhlanaraq irəli gedirdik.

 

"Mərmilər başımıza
yağış kimi yağırdı”


- İstərdik bir qədər də topçu olmağın çətinlikləri barədə danışasınız.

- Topçu olmaq hər zaman hədəfdə olmaq deməkdir. Bildirim ki, toplardan atəş açılan zaman həm səs, həm də alov həddindən artıq çox olur. Hərbi sahədə istifadə olunan lokatorlar isə həmin səsi müəyyən edərək, onun hansı istiqamətdən gəldiyini təyin edir. Buna görə, də biz atəş açdıqdan təxminən 2-3 dəqiqə sonra düşmən həmin əraziyə cavab atəşi endirirdi. Top ağır artilleriya olduğu üçün bizim qısa müddətdə yerdəyişmə etməyimiz mümkün olmurdu. Bu səbəbdən də mərmilər başımıza yağış kimi yağırdı. Texnikanın yerini dəyişmək mümkün olmasa da, düşmən tərəfindən açılan atəşdən qorunmaq üçün batareyamız bir müddət səngərlərdə yerləşirdi. Buna baxmayaraq, yenə də, dəfələrlə ölümlə üz-üzə gəldiyimiz anlar oldu. Həqiqətən də mərmilərin altından sağ çıxmaq möcüzə idi. Yadıma gəlir ki, bir dəfə yerdəyişmə etdikdən təxminən yarım saat sonra həmin səngərə 3 ədəd mərmi düşdü. Bir qədər cəld hərəkət etməyimizin sayəsində sağ qaldıq.

- İrəlilədikcə yəqin ki, hərbi qənimətlər də ələ keçirirdiniz.

- Bəli, hərbi qənimət olaraq, düşmənin avtomobillərini və toplarını ələ keçirmişdik. Ümumiyyətlə, artilleriyamızın əsas vəzifəsindən biri də düşmənin ağır texnikalarını məhv etməkdən ibarət idi. Yeri gəlmişkən, istərdim ki, Azərbaycan hərbçilərinin cəsurluğunu sübut edən bir hadisə danışım. Bir gün divizion komandirimiz iki əsgər və bir zabit ilə mövqe seçmək üçün əraziyə baxış keçirirdi. O, avtomobillə müxtəlif əraziləri müşahidə edərkən özü də bilmədən ermənilərin olduğu səngərə düşmüşdü. Lakin komandirimiz geri çəkilmək əvəzinə zabitdən onu qorumasını istəyərək, həmin əraziyə baxış keçirməyə davam etdi. Düşmən 12 tank və 3 BMP-ni dərədə saxlayaraq qaçmışdı. Onlar hərbi texnikalarını tərk edib qaçmaqla yanaşı, həm də ağır vəziyyətdə olan yaralı hərbçilərini də atıb qaçmışdılar. Divizion komandiri səngərdə düşmən tanklarının boş olduğunu görərək, dərhal xüsusi təyinatlılarla əlaqəyə keçib, onlara hərbi qənimətlərin olduğunu və atəş açmamalarını bildirdi. Beləcə, komandirin qəhrəmanlığı sayəsində həm tankları vuran silahların mərmisinə qənaət etmiş olduq, həm də erməni texnikalarını qənimət kimi götürdük.

- Döyüş zamanı yaxınlarınızı bəlkə də bir daha görməyəcəyinizi düşündüyünüz an oldumu?

- Etiraf edim ki, müharibə dövründə hər günün son gün olacağını düşünürdüm. Çünki hər açdığımız atəş zərbəsi bizə düşmən tərəfindən geri qaytarılırdı. Müharibədən sağ-salamat geri qayıtmağım bir möcüzə idi. Döyüşlər zamanı ölümdən deyil, valideynlərimlə vidalaşa bilməyəcəyim üçün qorxurdum. Ona görə də dua edirdim ki, yanımıza mərmi düşsə, heç olmasa ağır yaralanım ki, ailə üzvlərimlə sağollaşa bilim. Son nəfəsimdə valideynlərimin səsini eşidim. Çünki müharibəyə yollananda valideynlərimlə sağollaşmaq imkanım olmamışdı. Belə ki, işdən dərhal hərbi komissarlığa getmişdim. Valideynlərim mənə zəng edəndə isə onlara sadəcə, təlimdə olduğumu demişdim. Yalnız müharibə başlayandan sonra onlar mənim Füzulidə, müharibədə olduğumu bildilər.

- Müharibə zamanı hələ də şəhid olması ilə barışa bilmədiyiniz hərbçi varmı?

- Şəhid xəbərlərinin hər biri ürəyimdə dərin iz buraxdı. Onlardan biri Goranboyda xidmət etdiyim vaxt tağım komandirim kapitan Hətəmxan Quliyevin şəhidlik zirvəsinə ucalmasıdır. Öz mərdliyi, cəsarəti ilə hər zaman bizi ruhlandıran Hətəmxan Quliyev amansız düşmənlə mübarizədə şəhid oldu. Onun heç nədən qorxusu olmazdı və heç vaxt özünü düşünməzdi. Həmçinin Murovdağda xidmət etdiyim vaxt bir yerdə qulluq keçdiyim dostum baş leytenant Rahim Mikayılov itkin düşmüşdü. Bir müddət əvvəl isə onun nəşi tapıldı. Onların şəhid xəbərlərini almaq həyatımın ən pis günləri idi.

- Bəs müharibədən sonra qarşılaşdığınız ən təsirli hadisə hansı oldu?

- Döyüşlərdə itkin düşən hərbçi yoldaşım barədə çox düşünürdüm, ümid edirdim ki, sağ-salamat tapılacaq. Hətta müharibədən qayıtdıqdan sonra yuxumda onun itkin düşdüyünü, lakin hələ də sağ olduğunu görmüşdüm. Bu yuxudan sonra onun tezliklə sağ-salamat tapılacağına inanırdım. Lakin təəssüf ki, iki gün sonra onun şəhid olması barədə xəbər aldım.

- Düşmən evlərinə daxil olanda diqqətinizi ən çox nə çəkirdi?

- Demək olar ki, daxil olduğumuz evlərin hər birində avtomatlar, güllələr var idi. Hətta dəfələrlə evlərin girişlərində döşəmədə gödəkçələrin olduğunu görmüşdük. Təbii ki, döşəmədə geyim olması bizə təəccüblü gəlirdi. Buna görə də, ehtiyatla onu kənara çəkib, altında mina olduğunu görmüşdük. Müharibədən yadigar olaraq isə özümlə ermənilərə məxsus bank kartı və kofe gətirmişəm.

- İdmançı olmağınız müharibədə sizə nə kimi üstünlüklər verirdi?

- İdmançı olmaq gücümə daha da güc qatırdı. Mənim əsas işim koordinatları təyin edib, hesablayıb toplara göstəricilər qoymaq və atmaq idi. Buna baxmayaraq, fiziki gücdən də istifadə edirdim. Elə olurdu ki, bizə təhkim olunan silah sursatlarla yanaşı, 82 kq çəkisi olan mərmiləri də daşıyırdıq. Belə olan halda isə fiziki cəhətdən güclü olmaq lazım idi.

- Müharibədən sonra hansı medallar ilə təltif olunmusunuz?

- Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşam. Adımı medal alan hərbçilərin arasında görmək qürurvericidir.

- Ordu sıralarından tərxis olunandan sonra doğma kəndinizin sakinləri öz torpağının cəsur övladını necə qarşıladı?

- Tərxis olunub, evə qayıdanda ailəmə xəbər vermişdim. Yəni heç bir sürpriz etməmişdim. Kəndə geri dönəndə ilk olaraq hərbi komissarlığa getdim. Kənd sakinləri məni qarşılamaq üçün elə ora gəlmişdilər. Qurban kəsildi, səmimi görüş oldu və dərhal sonra kəndimizin verdiyi 3 şəhid qardaşımızın məzarını ziyarət etdim.
Orada qaldığım vaxt ərzində demək olar ki, bütün kənd sakinləri mənimlə görüşməyə gəldi.

 

Türkay Niftəliyeva