"Çelsi" tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi oldu

"Çelsi" tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib. İngiltərənin "Çelsi" komandası tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatına yiyələnib. "Zadəganlar" finalda digər İngiltərə təmsilçisi "Mançester Siti" üzərində 1:0 hesabı ilə qələbə qazanıblar. Yeganə qolu matçın 42-ci dəqiqəsində Kay Haverts vurub.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub.

Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.

Qalib komandaya kuboku və futbolçulara medalları UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.

London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.

Qeyd edək ki, bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşması olub. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. “Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib.

Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçı olub. Belə ki, Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə “Real Madrid” komandası “Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. “Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda “Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə “Milan” komandası “Yuventus”u, 2008-ci ildə “Mançester Yunayted” klubu “Çelsi”ni, beş il sonra “Bavariya” komandası “Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə “Liverpul” finalda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, sonradan COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb.