Bu gün UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final matçı keçiriləcək. 66-cı dəfə keçirilən qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə iki ingilis klubu – “Mançester Siti” və “Çelsi” üz-üzə gələcəklər. Portu şəhərindəki “Draqao” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da
başlayacaq. Matçı ispaniyalı referi Antonio Miguel Mateu Lahoz idarə edəcək.
Bu matç son əlli ildə komandaların avrokuboklarda ilk qarşılaşmasıdır. Komandalar ilk dəfə bu turnirin 1970-1971-ci il mövsümündə (həmin dövrdə yarış UEFA Kuboklar Kuboku adlandırılırdı) yarımfinalında üz-üzə gəliblər. “Çelsi” hər iki oyunda minimal hesabla qalib gəlib.
Tomas Tuxelin yetirmələri qalib gələrsə, 2012-ci ildən sonra ikinci dəfə UEFA Çempionlar Liqasının kubokunu başları üzərinə qaldıracaqlar. “Mançester Siti” isə qalib gələcəyi təqdirdə bu turnirin çempionu adını qazanmış 23-cü klub olacaq.
“Şəhərlilər” ilk final həyəcanını 1969-1970-ci il mövsümündə yaşayıblar. Komanda həlledici görüşdə Polşanın “Qornik Zabrze” klubunu 2:1 hesabı ilə məğlub edərək qalib adını qazanıb.
“Çelsi” indiyədək iki dəfə - 2008-ci və 2012-ci illərdə UEFA Çempionlar Liqasının finalında çıxış edib. Hər iki oyunda da qalib 11 metrlik cərimə zərbələri seriyası nəticəsində müəyyənləşib. Birinci final görüşündə “Mançester Yunayted”ə uduzan (1:1, pen. 5:6) “Çelsi” dörd il sonra “Bavariya”nı (1:1, pen. 4:3) məğlub edərək ilk çempionluğunu yaşayıb.
Bu matç, həmçinin 2000-ci ildən etibarən eyni ölkənin klubları arasında oynanılan səkkizinci final matçıdır. Belə
ki, Çempionlar Liqasının tarixində eyni ölkənin komandaları ilk dəfə 2000-ci ildə qarşılaşıb. Həmin görüşdə “Real Madrid” komandası “Valensiya”nın qapısından üç cavabsız top keçirmişdi. “Kral klubu” daha sonra iki dəfə - 2014-cü və 2016-cı illərdə finalda “Atletiko Madrid”ə qalib gəlib. 2003-cü ildə “Milan” komandası “Yuventus”u, 2008-ci ildə “Mançester Yunayted” klubu “Çelsi”ni, beş il sonra “Bavariya” komandası “Borussiya Dortmund”u məğlubiyyətə uğradaraq çempion adını qazanıblar. 2019-cu ildə isə “Liverpul” finalda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək çempion olmuşdu.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilməsi planlaşdırılsa da, COVID-19 pandemiyası ilə əlaqədar görüşün Portuda oynanılması qərara alınıb. Pandemiya ilə əlaqədar stadionun tamaşaçı tutumunun 33 faizi – 16,5 min azarkeş görüşü arenadan izləmək imkanına sahib olacaq. Komandaların hər birinin azarkeşləri üçün 6 min bilet nəzərdə tutulub.